Martın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidmətinin təşkili və əlillərin reabilitasiyası sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, müşavirədə nazir Fizuli Ələkbərov çıxış edib. Nazir son illərdə müxtəlif bölgələrdə yeni tibb müəssisələrinin istifadəyə verilməsi, səhiyyə xidmətlərinin təkmilləşməsi, eyni zamanda, tibbi-sosial ekspertiza xidmətinə nəzarətin gücləndirilməsi nəticəsində əlilliyin artım faizinin demək olar ki, sıfıra endiyini, əlillərin tam reabilitasiyasının 5,9 faizə yüksəldiyini qeyd edərək, yeni strukturda fəaliyyətini davam etdirəcək Tibbi-sosial ekspert komissiyalarının reabilitasiya göstəricilərinin daha da yüksəlməsi istiqamətində səylərini artırmalarının vacib olduğunu bildirib.
Əlillik müayinələrinin aparılması sahəsində şəffaflığın və ədalətliliyin təminatının əsas vəzifələrdən biri olduğunu vurğulayan nazir bu sahədə koorupsiya hallarına yol verən, fəaliyyəti vətəndaşlarda haqlı narazılıq yaradan komissiyalar barədə ciddi tədbirlər görüləcəyini, qanunsuz əlillik təyinatlarına yol verən əməkdaşlar haqqında dərhal hüquq-mufafizə orqanlara məlumat veriləcəyini deyib.
Əlillərin yaşadıqları yerlərdə müayinələrinin aparılması üçün səyyar ekspertiza qruplarının təşkili, vətəndaşların tibbi-sosial ekspertiza xidməti ilə bağlı ərizə və şikayətlərinin yerindəcə araşdırılması üçün Respublika Tibbi-Sosial Ekspert və Bakı Protez-Ortopedik Bərpa mərkəzlərinin mütəxəssislərinin, həmçinin nazirliyin məsul əməkdaşlarının bölgələrə ezam olunması, bu işlərdə ictimai təşkilatların iştirakına şərait yaradılması, əlillərlə bağlı vahid məlumat bazasına müddətsiz əlillər haqqında dolğun məlumatların daxil edilməsi işlərinin sürətləndirilməsi məsələlərinə dair müvafiq göstərişlər verən nazir, eyni zamanda, əlillərə göstərilən bərpa-müalicə xidmətindən də söz açıb. Nazir Fizuli Ələkbərov nazirliyin reabilitasiya müəssisələrində hər il xeyli sayda əlilə bərpa-müalicə xidməti göstərildiyini qeyd edərək, həmin müəssisələrdə xidmətin və bərpa-müalicə prosedurlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, bununla əlaqədar təkliflərin hazırlanması barədə də tapşırıqlar verib.
Modern.az