Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul qaydalarını (2011/2012-ci tədris ili üçün) elan edib.
Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.
Rezidenturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, qüvvədə olan qanunvericillikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, rezidenturaya yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslara qəbul oluna bilərlər.
Rezidenturaya qəbul həkimin ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisaslar üzrə aparılır.
Ərizə qəbulu
Həkimlər qəbul imtahanında iştirak etmək üçün təyin olunacaq vaxtda TQDK-nın rəsmi internet saytında “Həkimin elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissıyasına (SQK-a) tələb olunan sənədləri sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
Rezidenturaya qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul imtahanında iştirak etmək üçün “Həkimin elektron ərizəsi” formasını TQDK-dakı SQK-da şəxsən doldurmalı və yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsini təqdim edib ərizələrini təsdiq etdirməlidirlər.
İxtisas seçimi
Həkimlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisas seçimini təsdiq etməlidirlər.
Rezidenturaya qəbul olun¬maq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İmtahan verdiyi proqrama aid olan ixtisasların seçimində iştirak etmək üçün həkimin imtahandan topladığı bal TQDK tərəfindən müəyyən edilən tələblərə uyğun olmalıdır.
Həkim, ali tibb təhsili bazasına uyğun olan (bitirdiyi fakültəyə müvafiq olan) rezidentura ixtisaslarını istədiyi ardıcıllıqla seçir, internet səhifəsindəki müvafiq elektron ərizə formasına daxil edir və müəyyən olunmuş müddət ərzində ixtisas seçimini təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və həkim topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerləri olan ixtisaslara yerləşdirmə aparıla bilər.
Müsabiqə şərtləri
Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılır. Yerləşdirilmə həkimin öz ərizəsində qeyd etdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla dövlət sifarişi ilə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisasların qəbul planı çərçivəsində həyata keçirilir.
Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox həkimi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət balı;
ixtisas fənni üzrə testdən toplanılan bal.
Digər müddəalar
Təhsilalma formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Həkim müəyyən olunmuş müddətdə imtahanın nəticələri ilə əlaqədar TQDK tərəfindən yaradılan apelyasiya komissiyasına müraciət edə bilər.
Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Həkim öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təq-dimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana mobil telefon, digər rabitə və ya köməkçi vasitələri gətirmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakar-lıqlara yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.
QEYD: TQDK tərəfindən Rezidenturaya qəbul qaydaları ilə yanaşı, qəbul proqramları və ixtisas seçimi cədvəlləri də Komissiyanın internet saytında Rezidentura səviyyəsinə qəbul bölməsində yerləşdirilib.