Modern.az

Masallıda seçicilər Bədəlan kəndinə toplaşdılar - FOTOLAR

Masallıda seçicilər Bədəlan kəndinə toplaşdılar - FOTOLAR

15 Dekabr 2016, 10:07

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundova 13 dekabr 2016-cı il tarixdə deputat seçildiyi Masallı rayonunun Bədəlan kəndindəki deputat ofisində seçicilərini qəbul edib. Qəbulda 50-dən çox seçici şəxsi və rayonun bir sıra sosial problemləri ilə bağlı deputata müraciət ediblər. Qəbulda qaldırılan əsas məsələlər ünvanlı sosial yardım, iş məsələsi, əlillik dərəcəsinin verilməsi, müalicə-müayinə məsələləri, qəzalı ev problemləri və s. olub. Deputat seçicilərlə söhbət zamanı bir daha vurğulayıb ki, ünvanlı sosial yardımın mahiyyətinin qısa bir zamanda dəyişdirilməsinə böyük ehtiyac var. Əks halda onun mənfi fəsadları hələ uzun müddət insanlar arasında narazılıqlara səbəb olacaq. Qəbul zamanı ən qabarıq şəkildə özünü göstərən problemlərdən biri işsizlik məsələsi olub. Deputat seçicilərə bildirib ki, yaxın vaxtlarda Masallıda qurulması gözlənilən Sənaye Parkı regionda işsizlik probleminin azalmasına əhəmiyyətli dərəcədə töhfə verəcək. O şərtlə ki, insanlar özləri təşəbbüs göstərsinlər, sənaye parkı rəhbərliyinə müxtəlif layihələri təqdim etsinlər, hər hansı istehsal sahəsinin açılmasına səy göstərsinlər. Başqa iş sahələri isə gələn bir neçə il ərzində rayonda turizm sahələrinin qurulması, xidmət sahələrinin açılması ilə ortaya çıxacaq.


14 dekabrda isə millət vəkili Babaser kənd tibb məntəqəsinin açılışında iştirak edib. 4 otaqdan ibarət olan müasir səviyyəli bu məntəqə dövlət vəsaiti cəlb olunmadan qeyri-hökumət təşkilatlarının ianəsi ilə inşa edilib. Tibbi avadanlıqları isə Masallı rayon Mərkəzi Xəstəxanasının köməkliyi ilə əldə olunub. Yeri gəlmişkən 1-2 ildə Masallıda 15 tibb məntəqəsi yenidən tikilib və ya təmir olunub, iki kənd xəstəxanası əsaslı təmir edilib. Bu yaxınlarda rayon Mərkəzi Xəstəxanası kompüter tomoqrafiya, diaqnostika və dializ mərkəzləri, güclü cərrahiyyə və reanimasiya şöbələri ilə təchiz olunmuş şəkildə istifadəyə veriləcək. Tədbir iştirakçıları son zamanlar rayonda səhiyyə ocaqlarının inkişafı ilə bağlı cənab Prezident və birinci xanıma minnətdarlıqlarını ifadə ediblər.


Daha sonra Masallı rayonunun Heydər Əliyev Mərkəzində Ağsaqqallar Şurasının mərhum sədri, tanınmış ziyalı və ictimai xadim Cavanşir Əsədovun 80 illik xatirə gecəsi keçirilib. Xanım deputat öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Millət vəkili çox təəssüf edib ki, Cavanşir müəllimə bu günlərdə rayonda min hektara yaxın ərazidə çayçılığın bərpası günlərini görmək qismət olmadı. Çünki o ömrünün böyük hissəsini çayçılıq müəssisəsinin rəhbəri kimi işləyib, çayçılığın inkişafına böyük töhfələr verib.

Daha sonra isə Elmira Axundova Moskvada nəşr edilən və Gülüstan sarayında yüksək səviyyədə təqdim olunan ölkə başçısı İlham Əliyevə həsr olunan “Prezidentin portreti dəyişikliklər fonunda” kitabını icra hakimiyyəti kitabxanasına, Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanı Muzeyinə, ağsaqqallara hədiyyə edib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir