Modern.az

Yol Polisi sürücülərə çağırış etdi

Yol Polisi sürücülərə çağırış etdi

15 Dekabr 2016, 10:33

Gecə saatlarından ölkə ərazisinə qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında qar yağacağı və temperaturun mənfiyə enəcəyini bildirmişdi.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a yollardakı vəziyyət barədə danışıb.

“Bəzi ərazilərdə şaxta ehtimalı var. Hündür ərazilərdə sürüşmə ehtimalı çoxdur. Hələlik heç bir qəza halları müşahidə edilməyib. Bakı şəhəri Yol Polisi və Bakı Şəhəri İcra Hakimiyyətinin yaratdığı qərargah hesabına bəzi yerlərə artıq texnika düzülüb. Qış qarajının 50-dən artıq texnikası ərazi üzrə yerlərdə hazırdır. Buzun əridilməsi üçün lazımı səviyyədə duz ehtiyatımız var. Hətta əməkdaşlar 3 növbəli iş rejimi təşkil edib. Əgər hava şəraiti kəskin dəyişərsə, hərəkətdə problem yaranarsa, polis gücləndirilmiş iş rejimi ilə hərəkət edəcək”.

Şöbə rəisinin sözlərinə görə, bu gün güclü tıxaclar müşahidə olunmayıb, nisbətən Babək prospektinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində sıxlıq yaşanıb. Bu da hərəkətin istiqamətinin dəyişdirilməsi ilə bağlıdır.

“Sürücülərə tövsiyə edirik ki, mümkün qədər şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər. Şəxsi avtomobillərindən istifadə edənlər isə avtomobilləri aşağı sürətlə və ara məsafəsi saxlayaraq idarə etsinlər”.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir