Modern.az

I vitse-prezident deputatın vitse-prezident köməkçisi...

I vitse-prezident deputatın vitse-prezident köməkçisi...

5 Noyabr 2009, 11:25

“DEPUTAT KÖMƏKÇİSİ” RUBRİKASINDA MODERN.AZ-IN SUALLARINI MİLLƏT VƏKİLİ AĞACAN ABİYEVİN KÖMƏKÇİSİ ORXAN MUXTAROV CAVABLANDIRIR

- Özünüzü necə təqdim edərdiniz? - Muxtarov Orxan Mübariz oğlu, 30 yaşım var, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. 2007-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşam. İndi üçüncü kursda oxuyuram. - Necə oldu ki, deputat köməkçisi postunu tutdunuz? - Əvvəlcədən deyim biləsiniz ki, Ağacan müəllimlə qohumluq əlaqəm yoxdur. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxuduğum vaxtlardan onunla tanışlığım olub. Axı Ağacan müəllim bizim rektorumuz idi. O, həmişə tələbələrə köməklik göstərib. Mən də hər zaman çalışırdım ki, ona nəsə bir işdə kömək edim. Elə alındı ki, Ağacan Abiyev mənim yaşadığım Suraxanı rayonu ərazisindən deputatlığa namizədliyini verdi. O vaxt da mən onun vəkili oldum, bütün təbliğat-təşviqat işlərində yaxından iştirak etdim. Necə lazımdırsa köməklik göstərdim. -Yəni, onun gözündə böyüdünüz... - Həyatda ən böyük biclik-düzlükdür. Həmişə çalışmışam düz yol tutum. Ağacan müəllim gördü ki, tapşırılan işləri vaxtlı-vaxtında, necə lazımdır yerinə yetirirəm. - Deputat köməkçisi vəzifəsini o, sizə təklif etdi? - Bəli. Dediyim kimi, hələ deputat köməkçisi institutu yaranmamışdan öncə onunla birlikdə işləyirdim. - Ağacan Abiyevlə işləmək çətin deyil ki? - Çox rahatdır. - Bu vəzifəyə təyin olunmazdan öncə hansı işlə məşğul olurdunuz? - Əvvəl orta məktəbdə, sonra Bakı Dövlət Məktəbəqədər Pedaqoji Texnikumunda idman müəllimi işləmişəm. - Deputat köməkçisi vəzifəsi çətin işdir? - Bu yeni formalaşmış institutdur. Bu vəzifədə işləmək adamdan bir sıra keyfiyyətlər tələb edir. Məsələn, gərək yaxşı hüquqi anlayışın olsun. Axı deputat köməkçisinin qarşılaşdığı bütün məsələlər hüquq çərçivəsində həll edilir. Yəqin ki, gələcəkdə deputat köməkçiləri hüquq sahəsi üzrə ixtisasa malik olanlar arasından seçiləcək. - Buna görə ikinci təhsil kimi hüququ seçmisiniz? - Bəli. Baxdım ki, hüquqa ehtiyac var. - Hazırda deputat köməkçisi olmaqla yanaşı, başqa bir işlə də məşğul olursuz? - Xeyr. Ancaq deputat köməkçisi vəzifəsində çalışıram. - Seçicilərlə iş prinsipiniz necədir? - Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ərazidə bizə ofis verilib. Həftədə iki dəfə seçicilərlə qəbul günü olur və onların müraciətlərinə baxırıq. - Ağacan müəllimin necə, seçicilərlə qəbul günü olur? - Suraxanı rayonunda İcra Hakimiyyəti tərəfindən ayda bir neçə dəfə əhali ilə görüşlər keçirilir. Həmin görüşlərdə icra başçısı, onun müavinləri, ərazilər üzrə nümayəndələr və deputatın özü iştirak edir. Bu toplantılarda hər kəsin müraciətlərinə baxılır, şikayətlər dinlənilir. Orada istənilən seçici Ağacan Abiyevə yaxınlaşıb öz sözünü deyə bilir. - Seçiciləriniz əsasən hansı problemlərdən şikayət edirlər? - Problemlər çoxdur. Məsələn, məişət məsələlərilə bağlı. Bəzən iki qardaşın torpaq üstündə məhkəmə problemi olur. Qaz, işıq və başqa məsələlərlə bağlı müraciət edənlər olur. Biz çalışırıq həmin müraciətləri imkan daxilində yoluna qoyaq. - Digər deputat köməkçiləri ilə əlaqələriniz necədir? - Bir-birimizlə əlaqələr saxlayırıq, işlərimizi müqayisə edirik, treninqlərdə görüşürük, problemləri müzakirə edirik. - Onlardan kiminləsə dostluq edirsiniz? - Bəli. Əhməd Vəliyevin köməkçisi Füzuli müəllim, Anar Məmmədxanovun köməkçisi Mehdi müəllim, Azay Quliyevin köməkçisi Şahin müəllimlə daha yaxınıq. Digər deputat köməkçilərilə də normal münasibətlərim var. - Heç hansısa məsələdə Ağacan müəllimə məsləhət vermisiniz? - Yox. O, özü məsləhət verir, mən də bunun əsasında işlərimi qururam. - Ağacan Abiyev  Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkilidir. Sizcə, o bu işlərin hamısının öhdəsindən gələ bilir? - Əlbəttə gəlir. Özü də o, hər bir işinə çox ciddi yanaşır. Mən onun yanında işləyəndən çox şey öyrənmişəm. - Nə öyrənmisiz ki? - Məsələn dəqiqliyi. - Deputatınız idman sahəsinin adamıdır. Sizin idmanla aranız necədir? - Yaxşıdır. Mən həm də “Qala Qapı”(Go) Federasiyasının beynəlxalq məsələlər üzrə vitse-prezidentiyəm. Bu stolüstü zəka oyunudu. Azərbaycanda artıq 4 ildi bu oyun üzrə komanda fəaliyyət göstərir. - Gəncləri bu oyuna cəlb edə bilirsiniz? - Bəli. Federasiyamızda gənclər də çalışır. Gələcəkdə rayonlarda da idman mərkəzləri açmaq fikrindəyik. - Son vaxtlar bəzi deputatlar ikinci deputat köməkçisi istəyirlər. Bəs köməkçilər necə, həmkar istəyirlərmi? - Mən ikinci deputat köməkçisinin ayrılmasına pis baxmıram. Yəqin ki, ikilikdə işləmək daha rahat olar. - Siz tək bu işin öhdəsindən gələ bilmirsiz ki? - Niyə ki, bacarıram. Ancaq gələcəkdə deputata ikinci köməkçi ayrılarsa, biz daha səmərəli işləyə bilərik. - Elə olubmu ki, deputatınızın verdiyi tapşırığı yerinə yetirmək sizinçün çətin olub? - Şükürlər olsun ki, bu günə kimi verilən bütün tapşırıqları yerinə yetirmişəm. Ümumiyyətlə, bu vəzifə məsuliyyət tələb edir. Çalışıram heç vaxt rəhbəri pis vəziyyətdə qoymayım. Çünki köməkçi onun sağ əlidir. - Hansısa layihələriniz mövcuddur? - İnsanlara köməklik göstərirəm. Elə Ağacan müəllimin özü də hər zaman insanlara həm mənəvi, həm də maddi yardım edir. - Nə vaxtsa dost-tanışlardan kimsə vəzifədə işlədiyinizə görə kömək üçün sizə şəxsi müraciət edibmi? - Olanda olur. Amma mən bu məsələlərlə deputatı narahat etmərəm. Belə bir xahiş olanda bacardığım qədər özüm köməklik edirəm. Gərək hər bir işdə insanlara əl tutasan. Mən namaz qılıram. Çalışıram həmişə insanlara kömək əlimi uzadım. - Həccə getmisiniz? - Hələ yox. Amma İnşallah gələn il üçün fikirləşirəm. - Həccə getməkçün də müəyyən şərtlərə əməl etmək lazımdır. Siz özünüzü buna hazır hesab edirsiniz? - Mən içki içmirəm, siqaret çəkmirəm, namaz qılıram... Allahın buyurduqlarına əməl edirəm. - Hansı xarici ölkələrdə olubsuz? - İsveç və Niderlandda. - Bəs neçə dil bilirsiz? - Azərbaycan, rus dillərini yaxşı, ingilis dilini isə kafi bilirəm. İndi ingilis dilini öyrənmək fikrindəyəm. Çünki Ağacan müəllim də ingilis dilində səlist danışır. Elə tədbirlər olur ki, qonaqları qəbul etməyi də, tərcüməni də o, özü edir. -Buna görə rəhbərlik sizi tənbeh etməyib ki? -Yox. Heç bir söz deməyib. Ancaq dil bilmək yaxşı şeydir. - Növbəti parlament seçkilərində Ağacan Abiyev yenidən millət vəkili seçilərsə, sizə də təkrarən bu vəzifə təklif olunarsa, qəbul edərsiniz? - Ağacan müəllim kimi deputatın yanında köməkçi işləmək mənimçün şərəfli bir işdir. O nə vaxta kimi deputat olsa, bu vəzifədə qalmağımı istərsə, həmişə onun köməkçisi işləməyə hazıram. Çünki onun yanında olmağın özü bir məktəbdir. - Bəs özünüzün gələcək planlarınız yoxdur? - Bələdiyyə seçkilərində iştirak üçün namizədliyimi vermişəm. Bələdiyyə üzvü seçilsəm, gələcəkdə bələdiyyəmiz ərazisində yaşayan insanların problemləri ilə məşğul olacam. - Mütaliə ilə məşğul olursuz? - Hüquq ixtisası üzrə təhsil alıram. Boş vaxtlarımda da dərslərimi oxuyuram. - Yaxşı və pis xüsusiyyətiniz hansıdır? -Yaxşı xüsusiyyətim kinli olmamaqdır. Pis xüsusiyyətim isə tez əsəbləşirəm. Məncə ikisi də normaldır. - Ən böyük arzunuz? - İşğal altında olan torpaqlarımız azad olunsun və qaçqın-köçkünlər doğma yurd-yuvalarına qayıtsın. Ölkəmizdə əmin-amanlıq olsun.

Günay MUSAYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq