Modern.az

Qarabağ döyüşçüləri Səlim Müslümovun nazirliyi qarşısında piket keçirəcəklər

Qarabağ döyüşçüləri Səlim Müslümovun nazirliyi qarşısında piket keçirəcəklər

23 Dekabr 2016, 12:49

Qarabağ döyüşçüləri etiraz akasiyası keçiməyə hazılaşır. Bu haqda Modern.az-a Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsi əlili Xaqani Rzaquliyev məlumat verib.

 

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara olan borcun ödənilmədiyinə görə, bu addımı atmaq məcburiyyətində qaldıqlarını deyib:

 

“Aylardır ki, fəhləliklə qazandığımız pulu, həm bizim sosial müdafiəmizə, həm də işçilərin hüquqlarını müdafiə etməyə borclu olan bir nazirlikdən ala bilmirik. Nazirliyin 18 nəfər müharibə veteranı və müharibə əlilinə 34 min manat əmək haqqı, 20 min manat isə mal-materiala görə borcu yaranıb. Öz halal əmək haqqımızı ala bilmək üçün 2015-ci ildən qapılardayıq”.


Müharibə əlili borcun sabiq nazir Fizuli Ələkbərovun vaxtından yarandığını bildirib:

“Sabiq nazirə məxsus öncə "Bazis İnşaat" MMC, sonra isə "İnşaat Plyus" MMC-nin apardığı Protezləşdirmə-Ortopedik Mərkəzinin təmirində gördüyümüz iş və xidmətlərə görə əmək haqlarımızı hələ də ala bilmirik. 2 dəfə şirkət rəhbərliyinin, 2 dəfə nazirin, 22 dəfə nazirin göstərişinə əsasən əmək müfəttişinin qəbulunda olmuşuq. İl ərzində büdcə gileylərini dinləyib,"təki dövlətimiz yaşasın" deyib dözdük. Amma son gedişimiz zamanı bu nazirliyin bir kommersiya qurumuna çevrildiyini görüncə, ötür-ötür “karuseli”ndən düşməyi qərara aldıq. Çünki artıq iş yoldaşlarımız belə, mənim büdcə söhbətlərimə inanmadılar. Onların da təklifi ilə vətəndaş hüququmuzdan istifadə edərək "Sərbəst toplaşmaq haqqında" Qanunun müddəalarına uyğun olaraq 28 dekabr 2016-cı il tarixdə "Azad qadın" heykəli qarşısında toplaşaraq,  öz şikayətimizi ictimailəşdirmək qərarına gəlmişik. Səbəb çox ilgincdi. Sən demə vəzifə dəyişəndə özəl şirkət də əl dəyişirmiş. Aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə də müraciət etmişik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələ ilə bağlı Modern.az-a verilən məlumata görə, bir qrup şəxsin “Bazis İnşaat” MMC, sonralar “İnşaat Plyus” MMC tərəfindən işlərə cəlb olunması, lakin əmək haqlarını və mal-materiallara görə borclarını ala bilməmələri ilə bağlı Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ilk dəfə 2015-ci ilin dekabr ayında  müraciət edilib:

“Müraciət araşdırılarkən məlum olub ki, həmin şəxslər “Bazis İnşaat” MMC, sonralar “İnşaat Plyus” MMC tərəfindən əslində heç bir əmək müqaviləsi bağlanılmadan işlərə cəlb ediliblər.  Əmək müqaviləsi bağlanılmadan işlərə cəlb edilmələrinə baxmayaraq, bu barədə işlər görüldükdən xeyli sonra, qeyd olunduğu kimi, 2015-ci ilin dekabr ayında  Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət ediblər. Həmin vaxt qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin müvafiq tələblərinə əsasən isə inzibati xətalara görə inzibati tənbeh inzibati xətaların aşkara çıxarıldığı gündən ən geci iki ay keçənə qədər verilə bilərdi. Hazırkı Məcəllədə isə bu müddət 3 ay nəzərdə tutulub”.


Nazirlikdən verilən məlumata görə, narazı şəxslər əmək müqaviləsi olmadan işlədikləri vaxtdan bir ildən də çox, yəni qanunvericilikdə müəyyən olunmuş müddətdən artıq vaxt  ötdükdən sonra müraciət etdiklərinə görə aidiyyəti hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmayıb:

“Ona görə də “Bazis İnşaat” MMC, sonralar “İnşaat Plyus” MMC ilə bir qrup şəxs arasında mübahisə yarandığı üçün həmin şəxslərə qanunauyğun olaraq məhkəməyə müraciət etmələri tövsiyə edilib”.

 

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir