Son günlər bir-birinin ardınca keçirilən «aksiyacıqlardan» yazmaq istəyim mətbuatda oxuduğum bir sıra məlumatlardan irəli gəldi. Bir aydan çox “Facebook” sosial şəbəkəsində “Böyük xalq günü” adı altında başlanan kampaniya nə ilə yekunlaşdı hamı gördü.
“11 mırt” hadisəsindən yazmaq fikrim yoxdur. Çünki sözün əsl mənasında bura bir mırt yaşandı. Bunu jurnalist həmkarlarım da təsdiq edərlər. Polislər və jurnalistlərin sayı “mitinq” edənlərin sayından ən azı 3-4 dəfə çox idi. Hər ikisi - həm jurnalistlər həm də polislər aksiyaçı gözləməkdən yoruldular. Onsuz da sensasiya xəbər sarıdan əziyyət çəkən qələm dostlarım heç olmasa bir şəkil və video çəkmək eşqi ilə 28 may metrosunun qarşısında gözlədilər. Amma...
İndi də keçək əsas məsələyə. Həqiqi mırta. Bir gün sonra Müsavat partiyası da mitinq elədi. Partiyanın sədri İsa Qəmbər bunu son illərin ən güclü mitinqi adlandırdı. Düz hesab edir İsa bəy! Amma o mitinqi müşahidə edən bir adam kimi mənim də öz fikirlərimi yazmaq haqqım var. Təsəvvür edin ki, “Azadlıq, istefa!” qışqıran gənclərin söhbətinə təsadüfən türklər demiş qulaq müsafiri oldum. Eşitdiklərimi sizə olduğu kimi yazıram. “Biabır olduq xaricdə. Bu nədi ee adam zad yoxdur”. Düzü həmin an o gənclərə acıdım. Çünki nəyin uğrunda hərəkət etdiklərini deyəsən bilmirdilər. Amma o aksiyada da tutulanlar oldu. Onların həqiqətən bəxti gətirdi. Qarşıya qoyulan planı yerinə yetirə biliblər. Ən azından “siyasi məhbus” statusu alacaqlar. Yəqin ki, həbsdən çıxandan sonra onlar da mühacirət edəcəklər. Axı “gənc fəalların” hamısı eyni yolla «Siyasiləşdirilmiş məhbus» resepti ilə hərəkət edirlər. İndi həmin formulu olduğu kimi sizə təqdim edəcəm. Özümdən uydurmuram. Müxalifət düşərgəsinin gənclər təşkilatlarının keçmiş sədrlərindən biri olan dostum bunu mənə öyrədib.
“Qəzetlərdə həbs olunacağı barədə yazılar + mitinqlərdə cırılmış paltarla şəkillər + müxalifət partiyasında təmsil olunma = «siyasi mühacir»”. İndi də açıqlamasını verək.
«Mühacir»liyə namizəd dövlətin, hökumətin əleyhinə bir iş görür və qəsdən elə şərait yaradır ki, onu həbs etsinlər. Yaxud da onun həbs ediləcəyi barədə illüziya yaratmağa çalışır. Müxtəlif qəzetlərdə öz əleyhinə yazılar yazdırır və s. Sonra isə «toplanmış materialları» müxalifətin qərbdəki «dayısına» aparır. Bununla da guya «həyatının təhlükədə olmasını», «təqiblərə məruz qalmasını» bildirərək ölkədən mühacirət etmək istədiyini bildirir. Əlbəttə heç kimi havayı olaraq xaricə aparmırlar. Bunun müqabilində «mühacir»liyə namizəd «materiallar» təqdim etməlidir. Bura qəzetlərdə «mühacirin» əleyhinə olan yazılar (özü də həbs ediləcəyi təhdidi olmaq şərti ilə), mitinqlərdə cırılmış paltarla, polislə birlikdə şəkillər (ən azı 3 ədəd), siyasi partiyada təmsil olunma (gərək müxalifət partiyası olsun) və s. daxildir. Bütün bu «məlumatlar» təqdim edildikdən sonra «mühacirə» hansı ölkəyə gedəcəyi barədə sənə məlumat verilir. Getdiyi ölkədə isə onlara məhdud ərazidə hərəkət etməyə icazə verilir, evdən uzağa çıxmaq, işləmək qəti qadağan olunur. Qısa şəkildə desək şəraiti yaxşı olan həbsxana. Lakin bütün bu sənədləri toplamadan da getmək olar. Bunun üçün bir az «əziyyət» çəkmək lazımdır. Belə ki, həbs olunanlar, «fəallar», «döyülənlər» üçün yaşıl işıqdır. Budur müxalifətin «siyasiləşdirilmiş məhbusları» və «mühacirləri». Bunlar elə düşünürlər ki, xaricdə yel əsib qoz tökülüb. Çoxları gedəndən bir neçə ay sonra peşman olurlar.
P.S. Təəssüf ki, müxalifətin bu xəstəliyinə tutulanlar əsasən gənclərdir. O gənclər ki, bəlkə də hansısa sahədə çalışıb öz ölkəsinə, vətəninə xeyir verə bilər. Amma...