Modern.az

Nəqliyyat Nazirliyi, “Azəravtoyol” və yamaqlı yollar...

Nəqliyyat Nazirliyi, “Azəravtoyol” və yamaqlı yollar...

24 Dekabr 2016, 10:31

Yağış yağanda günahları yuyur, paklaşdırır deyirlər. Amma bizim yollardan axan yağış suları bütün günahları gün üzünə çıxarır. Elə  son üç ayda paytaxtda yağan aramsız yağışlar kimi...

 

Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov  ötən 3 ayda yağıntının miqdarının dəfələrlə artıq olduğunu  deyib. Onun bildirdiyinə görə, sentyabrda yağıntının miqdarı çoxillik normadan 9 dəfəyə, oktyabrda 7 dəfəyə, noyabrda isə 4 dəfəyə qədər çox olub.

 

Məhz bu çox yağıntı onsuz da keyfiyyətsiz salınan yollarımızın daha da tez sıradan çıxmasına səbəb olub. Dediklərimizin real olduğunu görmək üçün elə şəhərdaxili və qəsəbələrə gedən yollara gözucu nəzər salmaq kifayətdir. Rayon yollarına tez-tez görməsəniz də, oradakı vəziyyət barədə təsəvvürünüz olmamış deyil..

 

Axı elə payızda təmirinə başlanılan yol, nəm-nəm asfaltlananda tez də sıradan çıxmalıdır. Hər nə qədər yeni yollar, küçələr salınanda, onun10, 20, 30 il müddətinə istifadəsi üçün tam təminat verilsə də, ən yaxşı halda yollar 1-2 il tab gətirə bilir. Elə nəqliyyat naziri Ziya Məmmədovun 30 il zəmanət verdiyi Bakı-Quba- Rusiya yolu kimi. Tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Hələ o zaman beton yol çəkiləndə onun dünya standartlarına cavab verəcəyi və uzun müddət istismarda olacağı vurğulanırdı...

 

Amma 3 il sonra yol dağılmağa başladı. Aidiyyatı qurumun açıqlaması isə əvvəlkilərdən fərqlənmədi: “Yol nəzərdə tutulduğundan artıq yüklənir və ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayır”. Göründüyü kimi günahkar rəsmilər məsuliyyəti öz üzərlərinə götürmək yox, "günah keçisi" axtarmaqla məşğuldurlar.

 

Bəs olmazdımı ki, Nəqliyyat Nazirliyi, “Azəravtoyol” ASC ( o vaxtkı “Azəryolservis” ASC) yolda yük maşınlarının çox olacağını əvvəlcədən nəzərə alaydı. Axı hansısa layihə həyat keçiriləndə, iş icra olunanda əvvəlcə oradakı ümumi vəziyyət təhlil edilib ona uyğun addım atılmalıdır.

 

Yollar salınanda ərazidən ağırtonnajlı yük avtomobillərinin keçəcəyi gözlənilmirdimi? Yoxsa yüklər hava nəqliyyatı ilə daşınmalıdır, biz xəbərsizik?...

 

Yollara cavabdeh qurum “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov hər çıxışında Azərbaycandakı yolların dünya standartlarına cavab verdiyini bildirsə də, yamaqlı yollar standartdan kənar olduğunu sübut edir.

 

Yol çəkilişi nəzəriyyəsinə görə yola tökülən asfaltın keyfiyyəti onda işlədilən bitumun tərkibindəki parafindən asılıdır. Mütəxəssislərin fikrincə, xüsusilə Bakıda şəhərdaxili yollar çəkilərkən tərkibində parafinin səviyyəsi yüksək olan asfaltdan istifadə edilir. Bu asfalt ucuz başa gəlir və keyfiyyətsiz olduğu üçün tez də sıradan çıxır. Asfaltın tərkibindəki parafinin təmizlənməsi uzun və xərc tələb edən prosedur olduğundan heç bir şirkət buna cəhd də etmir. Nəticədə, az xərc çəkməklə, daha keyfiyyətiz iş görməklə, daha çox qazanc edirlər.

 

Belə ki, aşağı temperaturlarda parafini yüksək olan bitum əsasında çəkilmiş asfaltda kristallaşma prosesi baş vermiş yollarda çatlar yaranır. Getdikcə çatlar dərinləşir, bəzi yerlərdən asfalt laylarının qopmasına və çalalar yaranmasına səbəb olur.

 

Sadalananlarla yanaşı, yol tikintisi ilə məşğul olan podratçı şirkətlər yolun keyfiyyətinə də zəmanət verməlidir. Xarici təcrübələr göstərir ki, bəzi ölkələrdə yol tikinti şirkətləri asfalt-beton örtüyünə 30-40 illik zəmanət verirlər. Şirkət yolun örtüyündə baş verən hər hansı qüsura birbaşa məsuliyyət daşıyır və ehtiyac olduğu təqdirdə bütün təmir işlərini öz öhdəsinə götürür. Amma Azərbaycan təcrübəsi göstərir ki, yollardakı bütün neqativlərin “səbəbkarı” yalnız ağır tonnajlı yük maşınları və təcrübəsiz sürücülərdir...

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu