Modern.az

Baş redaktorlar deputat Fazil Mustafaya cavab verdilər

Baş redaktorlar deputat Fazil Mustafaya cavab verdilər

15 Mart 2011, 15:09

Bir müddət əvvəl Modern.az Parlamnet Jurnalistlər Birliyinin üzvləri arasında Milli Məclisdə həqiqi müxalifətin olub olmadığı barədə sorğu keçirmişdi. Rəyi soruşulan jurnalistlərin əksəriyyəti parlamentdə həqiqi müxalifətin olmadığını qeyd etmişdilər. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə jurnalistlərə öz yazısı ilə verərək dolayısı ilə qeyd edib ki, Azərbaycanda həqiqi jurnalist də yoxdur.

 

Modern.az-ın əməkdaşı məsələyə bir neçə qəzetin baş redaktorunun münasibətini öyrənib.

 

“Fazil bəyin yaradıcılıq potensialına kifayət qədər sayğı ilə yanaşıram” deyən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ümumiyyətlə, bir qütblü yanaşmanın tərəfdarı olmadığını deyib. Baş redaktor hesab edir ki,  Azərbaycanda həqiqi jurnalist, həqiqi siyasi mövqeyi olan və dünyadakı siyasi prosesləri dərk etməyi bacaran siyasətçilər, cəmiyyəti irəli apara biləcək insanlar da var: “Mənim qənaətimə görə, əgər Azərbaycanda peşəkar, gerçək jurnalistlər olmasaydı, bu günə qədər azad fikrin keşiyində dayanan insanların varlığı gözə dəyməzdi. Bu gün müxtəlif mətbuat orqanlarında çalışan kifayət qədər peşəkar jurnalistlər var və onlar hər zaman qərəzsiz, obyektiv olublar, gerçək mətbuatın, həqiqi jurnalistikanın inkişafına çalışıblar”.

Yazının həmin hissəsi ilə xüsusi tanışlığının olmadığını bildirən E.Mirzəbəyli Fazil bəyin öz dəyərləndirmələrinin, baxış bucaqlarının olduğunu qeyd edib: “Amma mənim baxış bucağımdan situasiya bir az fərqli görünür və hesab edirəm ki, bu gün medianın əleyhinə danışmağına baxmayaraq, Fazil bəyin o fikirlərini dərc edən mətbuat varsa,  demək Azərbaycanda əsil jurnalistika da və peşəkar jurnalistlər də var”.

 

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı məsələyə yumoristik münasibət bildirib: “Fazil bəyi hirsləndirmisiniz, o da belə cavab deyib. Gərək siz parlamentdəkilərin hamısının dahi deputatlar olduğunu deyəydiniz. Əsəbləşib və əsəblərini cilovlaya bilməyib. Ümumiyyətlə, elə şeylərə fikir verməyin və mən də fikir vermirəm”.

Baş redaktor millət vəkilinin sözlərini ittiham saymadığını qeyd edib: “Əgər jurnalistlər onu ittiham kimi qəbul edirsə, onda Fazil Mustafaya heç bir sual verməsinlər və onunla müsahibə hazırlamasınlar. Məsələnin həlli ancaq belədir. Yəni Fazil bəy bizi saymadı, biz də onu saymırıq”.

 

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay Azərbaycanda həqiqi jurnalistlərin və ya Milli Məclisdə real müxalifətin olub olmadığı prizmalarından baxanda hər iki fikirdə həqiqət və həqiqətə uyğun olmayan nüansların olduğunu vurğulayıb: “Ümummiyyətlə, Fazil bəyin publisitikasına çox hörmət edən insanam. Ancaq Azərbaycanda jurnalistlər var”.

 

Aytən ƏLİYEVA

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır