Modern.az

“Ramiz Mehdiyev də, Əli Həsənov da bizim kafedra müdirləridir, həm də burda dərs deyirlər” (MÜSAHIBƏ)

“Ramiz Mehdiyev də, Əli Həsənov da bizim kafedra müdirləridir, həm də burda dərs deyirlər” (MÜSAHIBƏ)

16 Mart 2011, 12:18

Modern.az saytı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İradəçilik Akademiyasının hüquqşünası Vacib Eldarovla müsahibəni təqdim edir.

-Vacib müəllim, bildiyimizə görə, qış imtahanları zamanı akademiyada təhsil alan prezident təqaüdçüsü olan tələbənin “2” alması ilə bağlı məlumat yayılmışdı. Biz bununla bağlı akademiyanın mətbuat xidməti ilə əlaqə saxladıq və bu məlumatı təsdiqlədilər. Daha sonra siz bu məlumatların dəqiq olmadığını bildirdiniz.

- İstəməzdik ki, bizimlə bağlı qeyri-dəqiq məlumat yayılsın. Biz obyektivliyi sevirik. Arzu etmirik haqqımızda səhih olmayan məlumatlar yayılsın. Bəli, mən bununla bağlı deyə bilərəm ki, bizim akademiyada I kurs tələbələrindən bu il qış imtahan sessiyası zamanı “2” alan və prezident təqaüdündən azad olan tələbə olmayıb. Hətta, mən bu il qış imtahan sessiyasında attestasiya komissiyasını üzvü olmuşam. Deyə bilərəm ki, tələbələrin apellyasiya şikayəti olubsa da, onların hamısına komissiya tərəfindən baxılıb, obyektiv qiymətləndirilib.  Yəni, belə bir apellyasiya şikayəti də bizə daxil olmayıb. Ümumiyyətlə, bizdə tələbələrin qiymətləndirilməsi, sessiya ərzində çox şəffaf şəkildə həyata keçirilib. Yeganə təhsil müəssisəsidir ki, reytinqinə görə Azərbaycanda artıq 8 ildir ki, I yerdədir.
Akademiyada təhsil alan tələbələrin əksəriyyəti 600-dən yuxarı ball toplayan, çox savadlı, yüksək intellektli gənclərdir. Bizim təhsil ocağında respublika üzrə prezident təqaüdü alan tələbələrin çoxu, demək olar ki, 99 %-i öz statusunu saxlaya biliblər. Onlar TQDK-nın təsdiq etdiyi proqram əsasında test imtahanı verərək prezident təqaüdünə layiq görülüblər.
Bəli, açığı yuxarı kurslarda bir neçə tələbəmiz var ki, qazandığı statusu qoruyub saxlaya bilməyib. Onlar hətta, çox yaxşı qiymət alırsa da, yenə prezident təqaüdü statusunu itirmiş olur. Onların bu statusu qoruyub saxlaması üçün bütün semestrlərdə qiymətləri əla olmalıdır. Burda söhbət “2” almaqdan getmir. Bizdə bu il I kursda qış imtahan sessiyasında “2” qiymət alan təqaüdçü yoxdur. Yuxarı kurslarda da belə hal qeydə alınmayıb. Yuxarı kurslarda prezident təqaüdü statusunu itirən bir neçə tələbəmiz var. Qeyd edim ki, bizdə 695 balla I kursda oxuyan iki tələbəmiz var. Onların da hər ikisi prezident təqaüdü alırlar. Bu inzibati idarəetmədədir. Siyasi idarəetmədə 680-dən yuxarı bal yığan yoxdur. I kursda 700 ballıq göstərici əldə edən tələbə yoxdur, amma yuxarı kursda var.

-Vacib müəllim, siz qeyd etdiniz ki, Dövlət İdarəçilik Akademiyası ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqları arasında reytinq baxımından ilk pillədədir. Sizcə, Akademiyanın digər universiterlərdən əsas fərqli və üstün cəhətləri hansılardır?

- İdarəçilik Akademiyasının məncə, əsas üstün cəhəti ondan ibarətdir ki, tabelilik baxımından Prezident Administrasiyasına, metodik baxıımnda isə Təhsil Nazirliyinə tabedir. İdarəçilik Akademiyası təkcə bakalavr və magistır hazırlamaqla yox, dövlət orqanları, dövlət strukturları üçün ixtisasartırma kursları təşkil etməklədə məşğuldur. Biz artıq 8 istiqamət üzrə qısamüddətli ixtisasartırma kursları həyata keçirik. Bizim Akademiya digər təhsil ocaqlarından əsasən onunla fərqlənir ki, ilk növbədə burada bu günə kimi heç bir neqativ hal baş verməyib. Yeganə təhsil ocağıdır ki, burada imtahan prosesi tam şəffaf, obyektiv şəkildə həyata keçirilir. Tələbələrin, magistrlərın bilik səviyyəsi hər zaman obyektiv qiymətləndirir.
Demək olar ki, bu vaxta kimi bizə təhsillə bağlı heç bir şikayət daxil olmayıb. Biz hətta, belə olan halda həmin tələbənin şikayət ərizəsinə dərhal baxırıq. Apellyasiya komissiyası müvafiq qərar qəbul edir. Həmin tələbənin biliyinin yenidən qiymətləndirilməsi üçün tədbirlər görür. Və bu illər ərzində bir neçə tələbə apellyasiya şikayəti vermişdi və onların bəzilərinin qiyməti saxlanılıb, bəziləri isə yenidən qiymətləndirilib. Onlar layiq olduqları qiyməti alıblar. Ona görə də, bu gün tələbələr tərəfindən Akademiyaya olan münasibət başqadır. Çünki onlar bilirlər ki, burada başqa heç bir variant yoxdur, yalnız bilik, savad və bacarıq bizdə əsas meyar sayılır.

- Ümumiyyətlə, bir çox insanlar hesab edirlər ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr sonrakı proseslərdə özlərini doğrultmurlar. Sizin akademiyada necə belə hallar baş veribmi?

- Düzdür, bizdə bu dərəcədə neqativ hal yoxdur. Amma yuxarı kurslarda bəzi tələbələrimiz olub ki, həqiqətən onlar bu statusu qoruyub saxlaya bilməyiblər. Çünki, o, TQDK-nın hazırladığı proqram əsasında bu balı toplayır. Amma ali təhsil başqa cürdür. Ali məktəbdə dərslər xüsusi proqramlar çərçivsində tədris olunur. Tələbələr də təsdiq olunmuş proqrama əsasən, cavab verərək qiymət alırlar. Bizdə də prezident təqaüdü statusunu itirən bir neçə tələbə var. Bu, o demək deyil ki, biz bu tələbələrə şişirdilmiş qiymət verək. Tələbənin bilik səviyyəsi hansı səviyyədədirsə, biz də onlarlı o cür də qiymətləndiririk. Əlbəttə, belə hallar təkcə bizim Akademiyada deyil, digər ali məktəblərdə də ola bilər. Əslində bu obyektivlik və reallıqdı. Mən deyim ki, bu vaxta kimi qovulan tələbə olmayıb.
Qeyd edim ki, bu dərs ilində Akademiyaya daxil olan tələbələrin bilik səviyyəsi bizi demək olar ki, qane edir.

- İdarəçilik Akademiyasının beynəlxalq əlaqələrini necə qiymətləndirirsiz? Dünyanın hansı məşhur universitetləri ilə əlaqələriniz var?

- Bizim akademiyanın tələbələri arasında dünyanın bir çox ölkələrinin tanınmış universitetlərində təhsil alanlar var. Amerikada, Böyük Britaniyada, Fransada və eləcə də dünyanın bir çox ölkələrində tanınmış təhsil müəssisələrinə tələbələrimiz gedib. Onlar həqiqətən bizim Akademiyanı yüksək səviyyədə təmsil edirlər. Həmin tələbələr həm oranın diplomunu alırlar, həm də bizim Akademiyanın. Bizdə belə təcrübə var.

- Azərbaycan universitetlərinin verdiyi diplomlar rəsmi olaraq bir çox ölkələrdə tanınmır. Biz bilmək istərdik İdarəçilik Akademiyasının diplomu hansı ölkələrdə tanınır, qəbul edilir?

- Bəli, həqiqətən Akademiya rəhbərliyinin qarşısında duran ən böyük vəzifələrdən biri də budur. Rəhbərlik tərəfindən bu işə nəzarət gücləndirilib. TASC proqramı çərçivəsində mən deyərdim ki, müəyyən işlər görülür. Biz çalışırıq ki, İSO standartlarına uyğun olaraq bizim diplomumuz beynəlxalq aləmdə tanınsın. Başqa hansı ölkələrdə tanınması ilə bağlı məndə elə bir məlumat yoxdur. Amma biz istəyirik ki, dünya ölkələrində, inkişaf etmiş cəmiyyətlərdə bizim diplomlarımız tanınsın. Bu istiqamətdə konkret addımlar atılır. Mən inanıram ki, biz yaxın gələcəkdə buna nail ola biləcəyik. Rəhbərlik tərəfindən ciddi tapşırıqlar verilib. Əlbəttə, biz bu baxımdan ilk növbədə İSO standartlarını əldə etməliyik.

- Azərbaycanın bir çox ali təhsil müəssisələri müəllimlərin hazırılıq prosesində daha çox beynəlxalq təcrübədən istifadə edirlər. Hətta, əcnəbi müəllimlər burada seminarlar keçirirlər. Öz biliklərini yerli pedoqoqlarla bölüşürlər. Sizdə necə, belə bir təcrübə varmı?

-  Akademiyada ixtisasartırma kurslarına  bəzən xarici müəllimlər iştirak edirlər. Konkret olaraq bizdə bakalavr səviyyəsində hələlik bu addımlar atılmır. Yaxın gələcəkdə biz bu barədə fikirlərşirik ki, təcrübə mübadiləsində qabaqcıl təhsil ocaqlarının müəllimləri bizdə dərs desinlər, təcrübə aparsınlar. Yəni, bu istiqamətdə də işlər görmək istəyirik. İxtisasartırmada olur ki, Almaniyadan, Fransadan və başqa ölkələrdən nümayəndələr gəlib bizdə təcrübə mübadiləsi aparırlar, mühazirələr keçirlər, diskussiyalar, brifinqlər təşkil edirlər. Amma mən deyə bilərəm ki, bizim müəllim heyətinin bilik səviyyəsi bizi qane edir. Onlar bildiyimiz kimi, dünya standartlarına uyğun olaraq bilik verməlidirlər. Bu baxımdan deyə bilərəm ki, bizim bu göstərici bu günkü tələblərə cavab verir. Bizim güclü müəllim potensialımız var. Çünki elə bunun kökündə geniş təcrübə dayanır. Bildiyimiz kimi, əvvəllər bura partiya məktəbi olub, sonra Sosial İdarəetmə və Politologiya İnstitutu olub. Prezidentin fərmanı ilə 1999-cu il yanvarın 3-dən Dövlət İdarəçilik Akademiyası yaradılıb. Biz yəqin ki, gələcəkdə dünya standartlarına uyğun olaraq mühüm işlər görəcəyik.

- Son vaxtlar ölkəmizdə prezidentin tapşırığına əsasən genişmiqyaslı antikorrupsiya tədbirləri görülür. Digər sahələrdə olduğu kimi, təhsildə də müəyyən işlər həyata keçirilir. Bilmək istərdik ki, İdarəçilik Akdemiyasında bununla bağlı rəhbərlik tərəfindən hansı tədbirlər görülüb?

- Bəli bizdə də təhbərlik tərəfimdən müvafiq tapşırıqlar verilib. Lakin mən deyə bilərəm ki, bizim xoşbəxtçiliyimiz ondadır ki, Akademiyada belə neqativ hal yoxdur. Bütün Azərbaycan xalqı bilir ki, Dövlət İdarəçilik Akademiyasında belə hallar bu günə kimi olmayıb, yəqin ki, bu gündən sonra da olmayacaq. Əlbəttə, buna baxmayaraq, biz arxayınlaşmamışıq.  

-  Dünya universitetlərinin yeni reytinq siyahısında 6 min ali məktəb sırasına Azərbaycandan yalnız Xəzər Universiteti daxil ola bilib. Bu siyahıda İdarəçilik Akademiyası da yer almayıb.

- Biz çalırıq ki, dünyada tanınmış təhsil müəssisəsinə çevrilək. Ona görə də, Akademiya tərəfindən konkret addımlar atılır. İnanırıq ki, yaxın gələcəkdə biz bu reytinq sırasına daxil ola biləcəyik. Məncə, bunun üçün ilk növbədə təhsil səviyyəsini dünya standartları səviyyəsinə yüksəltmək, beynəlxalq tələblərə cavab verən sistem qurmaq lazımdır. Bu baxımdan təhsil-tədris məsələsi ön planda olmalıdır. Birinci təhsilin səviyyəsindən başlamaq lazımdır.

-Bir çox univesitetlər dərsliklərin olmamasından şikayətlənirlər,  Bu baxımdan sizdə də hansısa problemlər varmı?

- Dərsliklərlə bağlı bəzi problemlər var. Çünki dərsliklərin çoxu rus dilindədir. Düzdür, humanitar sahədə o qədər də problem yoxdur. Faktiki olaraq texniki sahələrdə belə problemlər mövcuddur. Bizdə daha çox humanitar sahələr üstünlük təşkil etdiyi üçün deyə bilmərəm ki, dərslik baxımından çətinliyimiz var. Tələbələr üçün hər bir şərait yaradılıb. Çox geniş kitabxanamız var. Hətta, bizim Rusiyanın Lomonosov adına Universiteti ilə əlaqələrimiz var. Demək olar ki, biz yeni nəşr olunan kitabların hamısını alırıq. Akademiyanın kitabxanasında tələbələr üçün istənilən vəsaiti biz təmin edə bilirik.

- Vacib müəllim, bizdə olan məlumata görə, bu Akademiyada ölkənin bir çox tanınmış şəxsləri təhsil alıblar. Hazırda necə, Akademiyada hansı məşhur şəxslər təhsil alırlar?

- Bəli, ölkə səviyyəsində tanınmış insanlar olub ki, bizim Akademiyada təhsil alıblar. Hətta, Azərbaycan dövlət strukturlarına nəzər yetirsək, elə bir vəzifəli şəxs yoxdur ki, bizim Akademiyada təhsil almasın. Məsələn, mən deyə bilərəm Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bizim müdavim olub. Xüsusi Dövlət Mühafizə Xidmətində, Sərhəd Qoşunlarında da bizim müdavimlərimiz çalışırlar. Hətta, Milli Məclisdə olan insanların əksəriyyətini də qeyd edə bilərəm. Onu da deyim ki, millət vəkillərindən bizim Akademiyada dərs deyənlər də var. Prezident Administrasiyasından şöbə müdiri Fuad Ələsgərov bizdə dərs deyir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənov bizdə kafedra müdiridirlər, həm də dərs deyirlər. İxtisasartırma kurslarına nazirliklərdən, dövlət komitələrindən dövlət qulluqçuları gəlirlər.Yəni bir çox tanınmış adamlar bizim Akademiyada çalışırlar. İxtisasartırma kurslarında nazirlik əməkdaşları və eləcə də dövlət komitlərində çalışan şəxslər cəlb olunurlar.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bizdə mühazirələr keçir.
Akademiyada 126 müəllim-professor heyəti çalışır, 1500-ə yaxın tələbə təhsil alır.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü