Modern.az

İbrahim Tatlısəs özünə gəldi: Həkimə ilk sözü “yaxşıyam” olub

İbrahim Tatlısəs özünə gəldi: Həkimə ilk sözü “yaxşıyam” olub

16 Mart 2011, 12:41

Martın 14-nə keçən gecə İstanbulda sui-qəsdə məruz qalan və başından güllə yarası alan məşhur müğənni İbrahim Tatlısəsin səhhətində irəliləyiş müşahidə olunduğu açıqlanıb. Türkiyə telekanallarının verdiyi məlumata görə, bu gün səhər sənətçini müalicə edən həkimlər jurnalistlər üçün brifinq keçiriblər. (APA) Həkim Ömər Faruk Ünal bu gün ictimaiyyətə yaxşı xəbərlər verəcəklərini söyləyərək sözə başlayıb. O bildirib ki, İ. Tatlısəs artıq özü müstəqil nəfəs ala bilir və süni nəfəsalma aparatına ehtiyac qalmayıb: “Dünən gecə cihazı xəstədən tamamilə ayırdıq. Özü nəfəs ala biləcək səviyyəyə gəlib. Bizim komandalarımıza reaksiya verir. Sağ qolunu və sağ ayağını qaldıra bilir, bizim əlimizi sıxır, bizimlə danışır. Reanimasiyada müalicəsi bir müddət davam edəcək. Ailə üzvlərinə də dediyim kimi, hələ həyatına təhlükə tamamilə keçməyib, amma müalicədə çox sevindirici bir mərhələyə gəlmişik. Cərrahiyyə əməliyyatı olduğu saatlarda həyatına təhlükənin səviyyəsi 80 faiz idisə, indi 10 faizə enib. Biz “necəsən?” deyə soruşduqda “yaxşıyam” cavabını verir. Səsini eşidə bilirik”. Həkim sənətçinin hadisə baş verərkən iflic olmuş sol tərəfində problemlərin davam etdiyini söyləyib: “Ondan sol tərəfini tərpətməsini istəmirik. Çünki stres yarana bilər. Reanimasiyadan çıxdıqdan sonra sol tərəfinin müalicəsinə üstünlük verəcəyik. Hələ risk var. Risk olduğu müddətdə reanimasiyada qalacaq. Reanimasiyada qalması həyatına təhlükənin davam etdiyini göstərir. Önümüzdə iki-üç aylıq bir müalicə prosesi var”. Xatırladaq ki, İ. Tatlısəs martın 14-nə keçən gecə yerli vaxtla saat 00.30-da İstanbulun Şişli rayonunun Maslak məhəlləsindəki “Nurol Plaza”da yerləşən “Bəyaz TV”də “İbo şou” proqramının çəkilişlərini tamamlayaraq bayıra çıxıb avtomobilinə minərkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İçində 4 nəfərin olduğu qara avtomobildən “Kalaşnikov” avtomatı ilə sənətçinin avtomobilinə atəş açılıb. Nəticədə İ. Tatlısəs başından, köməkçisi Damla Buket Çakıcı isə boğazından gülə yarası alıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı