Modern.az

Hadı Rəcəbli: “Azərbaycanda hər il 152 min insan doğulur, 59 min nəfər dünyasını dəyişir”

Hadı Rəcəbli: “Azərbaycanda hər il 152 min insan doğulur, 59 min nəfər dünyasını dəyişir”

16 Mart 2011, 22:11

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ölkə mətbuatında onun adından gedən yazıların əsassız olduğunu qeyd edib. Modern.az saytına açıqlamasında deputat deyib ki, bu il martın 11-də rəhbərlik etdiyi komitədə iki qanun layihəsi müzakirə olunub:
“Onlardan biri Ailə Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı idi. Tədbirdə jurnalistlər də var idi. Müzakirələrdə ailə ilə bağlı problemi dərindən bilən insanlar iştirak edirdi. Mövzu ətrafında ciddi müzakirələr getdi. Tədbirdə jurnalistlər müəyyən suallar verdilər. Söhbətin mahiyyətində dünyada olan təcrübə dururdu. Mən də bu barədə məlumat verdim. Ancaq qəzetlərin yazdğının əksinə olaraq, bizdə ümumiyyətlə, “Bioetika haqqında” qanun layihəsi yoxdur və belə müzakirə olmayıb”.

Komitə rəhbəri deyib ki, onun leksikonunda varlı, kasıb söhbəti ola bilməz: “Çıxışlarımda hər zaman demişəm ki, varlılar 10 it saxlayır, bunun əvəzinə 3 uşaq da saxlasınlar. Hər zaman sosial cəhətdən zəif təmin olunmuş insanların tərəfini saxlamışam. Çünki rəhbərlik etdiyim komitə insanların sosial müdafiəsi ilə məşğuldur. Ona görə də yazılanlar kökündən yanlış informasiyadır, ən azıdan məntiqsizdir. Hadi Rəcəbli heç vaxt belə şeylər deməz. Sadəcə, bunu bilərəkdən gündəmə çıxaran insanlar var”.

H.Rəcəbli deyib ki, dünya təcrübəsində olan fikirləri jurnalistlər öz fantaziyaları ilə Azərbaycana tətbiq etmək istəyiblər: “Mən dünyanın ayrı-ayrı ölkələrinin təcrübəsindən danışmışam. Jurnalistlər isə götürüb dünya təcrübəsi barədə dediklərimi Azərbaycanda təklif edirəm kimi təqdim ediblər.

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayanda bizə xeyli hücum oldu. Biz nə istəyirik. Ailə quranların təxminən 13 faizinin uşağı olmur. Bunları da düşünmək lazımdır. Biz onların müalicəsini qanunda təsbit etmək istəyirik, onlara kömək etməliyik.   

 Biz deyirik ki, Azərbaycanda 13 faiz insan dünyaya uşaq gətirə bilmir. İstəyirik ki, bu problem həll olunsun.

Azərbaycanda ailə dövlət nəzarətindədir. Daim onun tərəfindən müdafiə olunur. Qanun yaradıcılığı da bu istiqamətdə işləyir”.

 “Bəs Azərbaycanda hansı modelin tətbiqinin tərəfdarısınız” sualına deputat belə cavab verib:

“Bizdə demokrafik göstərici təbii olaraq gedir və arzuolunandır. Azərbaycanda bu gün illik 1.01 fazi artım var. Təxminən hər il 152 min insan dünyaya gəlir, 59 min insan isə dünyasını dəyişir. Bu, Azərbaycan üçün çox yaxşı göstəricidir. Ancaq istəyirik ki, o qeyd etdiyim 13 faizin də uşağı olsun. Hadisələrin gedişi göstərir ki, artım ehtimalı var və dövlət də bunu alqışlayır. Gördüyümüz bütün işlər məhz buna xidmət edir. Genefondun qorunmasina xidmət edir”.

Sonda Hadi Rəcəbli  haqqında yazılan yazılara münasibət bildirib: “Bəzən barəmdə ədalətsiz, şişirdilmiş, doğru olmayan yazılar dərc edirlər. Mən iş fəaliyyətimə jurnalsitikadan başlamışam. Ona görə də jurnalistlərə öz həmkarlarım kimi baxıram. Jurnalistikaya kifayət qədər bələdəm. Ona görə də, barəmdə yazanlarla əlaqə yaradıram. Onlarla fikir mübadiləsi aparıram, sevinirəm ki, onlar məni başa düşürlər”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar