Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak edib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçısına məlumat verib ki, ümumi sahəsi 58 min kvadratmetr olacaq yeni aerovağzal kompleksi ən son texnologiya və avadanlıqla təchiz ediləcək. Kompleks istifadəyə verildikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunun illik sərnişin dövriyyəsi 3 milyon nəfərə çatdırılacaq.
Prezident İlham Əliyev yeni aerovağzal kompleksinin baş planını və mövcud terminalda aparılacaq əsaslı yenidənqurma işlərini əks etdirən stendlərə baxıb.
Sonra Prezident İlham Əliyev kompleksin təməlini qoyub.
Dövlət başçısı kapsulu bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.
Prezident İlham Əliyev hava limanının kollektivi və inşaatçılarla görüşüb, tövsiyə və tapşırıqlarını verib.
Sonda xatirə şəkli çəkdirilib.
Modern.az