Modern.az

Amerikalı hüquq mütəxəssisləri Dağlıq Qarabağ münaqişəsi barədə hesabatla tanış olublar

Amerikalı hüquq mütəxəssisləri Dağlıq Qarabağ münaqişəsi barədə hesabatla tanış olublar

6 Noyabr 2009, 09:59

Vaşinqtonda keçirilən “Azərbaycan-ABŞ: 11-ci təhlükəsizlik dialoqu” çərçivəsində Azərbaycan tərəfi Birləşmiş Ştatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini əks etdirən hesabat təqdim edib. Xarici işlər nazirinin müavini Araz Əzimov bu barədə ABŞ-ın Milli Mətbuat Mərkəzində dialoqun nəticələrinə həsr edilən brifinqdə məlumat verib. (AzərTAc).
Xatırladaq ki, 1996-cı ildən başlanan Azərbaycan-ABŞ təhlükəsizlik dialoqu çərçivə mexanizmi kimi xidmət edərək tərəflərə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməyə yardım edir. Dialoqun bu ilki raundu zamanı Araz Əzimov və ABŞ dövlət katibinin siyasi və hərbi məsələlər üzrə müavini Əndrü Şapironun həmsədrliyi altında nümayəndə heyətləri bölgədə kütləvi qırğın silahlarının, narkotik maddələrin dövriyyəsinin yayılmasının qarşısının alınması, terrorla mübarizə, Xəzər hövzəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi, ABŞ-ın bölgədəki maraqları və digər məsələləri müzakirə etmiş, bu sahədə ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparmışlar.
Nazir müavini bildirib ki, Vaşinqtonun hüquq ekspertləri Xarici İşlər Nazirliyinin hazırladığı Dağlıq Qarabağ münaqişəsinin hüquqi tərəfini açıqlayan hesabatla tanış olublar. Onlar yekdilliklə münaqişənin “ərazi bütövlüyü” prinsipi əsasında nizama salınmalı olduğunu hesab ediblər. Araz Əzimov vurğulayıb ki, Ermənistan tərəfinin danışıqlarda əsas gətirdiyi “öz müqəddəratını həll etmə” prinsipi “ərazi bütövlüyü” ilə ziddiyyət təşkil etməməlidir. Azərbaycan tərəfi güzəşt kimi öz dövlət sərhədləri daxilində Dağlıq Qarabağ bölgəsində yaşayan 50 min nəfərlik erməni icmasının statusunun müəyyən edilməsi məsələsinə baxmağa hazırdır. Lakin bu proses bölgədən didərgin salınan 70 min nəfər azərbaycanlı icmasının iştirakı olmadan baş tuta bilməz.
Xarici işlər nazirinin müavini Minsk qrupu həmsədri kimi ABŞ-ın münaqişənin həll edilməsi üçün daha çox səy göstərəcəyinə ümidvar olduğunu ifadə edib: “Biz, bölgənin sabitliyi və təhlükəsizliyi üçün nəticələrin tələb olunduğu bir anda yaşayırıq”. Araz Əzimov həmçinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Dağlıq Qarabağ münaqişəsinə aid olmadığını düşünənlərə bölgədəki proseslərə ehtiyatla yanaşmağı tövsiyə edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi