Azərbaycan İslam Partiyasının (AİP) keçmiş sədri Hacı Əlikram Əliyev vəfat edib. Hacı Əlikram Əliyev uzun sürən xəstəlikdən sonra bu gün saat 17.00 radələrində yaşadığı Sabunçu rayonu Nardaran qəsəbəsindəki evində dünyasını dəyişib. Yaxınları bildirib ki, Ə. Əliyev bir neçə ildir şəkər, təzyiq və digər xəstəliklərdən əziyyət çəkirmiş. Mərhum sabah Nardaran qəbiristanlığında dəfn olunacaq. (APA) Qeyd edək ki, Əliyev Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Xalq Cəbhəsinin ilk İdarə Heyətinin üzvü olan Əlikram Əliyev milli azadlıq mübarizəsinə qoşulub. AXC nəzdində “Azad dindarlar” qrupunu yaradan Ə.Əliyev sonradan AXC-dən uzaqlaşıb. Daha sonra İslam Partiyasının quruculuğunda fəal iştirak edən Ə. Əliyev bu partiyanın ilk sədri olub. 1996-cı ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub (köhnə redaksiya “vətənə xəyanət”), 1999-cu ilin noyabr ayında əfv edilib. O, 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərib, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə yenidən əfv edilib.