Modern.az

O gecə…

O gecə…

18 Yanvar 2017, 12:33

Hidayət ELVÜSAL

 

Bütün gecələrin rəngi qaradır. O gecənin rəngi al qırmızıya boyandı. Evlər də, küçələr də qırmızı oldu. Səhər qıpqırmızı qərənfillər axan qandan don geyinibmiş kimi küçələrə xalı kimi sərilib ölən canlara ağılar dedi.

O gecə bir özgə vətən, bir özgə millət, bir özgə dövlət doğuldu – körpəsiylə, gənci ilə, qocası, ahılı ilə o gecə, məhz o gecə imperiya Azərbaycanı itirdi. Yeni Azərbaycan doğuldu. Elə biz özümüz də yenidən doğulduq.

O gecə dastanlar yazıldı. Gördülər, oxudular, eşitdilər ki, bu millətin necə qəhrəmanları varmış. Əliyalın tankın üstünə gedən şir ürəkli oğullar bütün dünyanı titrətdi. İlham və Fərizə əsrlərdən bəri əfsanə sayılan “Leyli və Məcnun”u yenidən yazdılar. Məhəbbətin, etibarın, sədaqətin, fədakarlığın hər şeydən üstün olduğunu sübut etdilər. Bir dastan yazdılar ki, Leyli də, Məcnun da heyrətə gəldi.
Bir and yerimiz oldu – Şəhidlər Xiyabanı. Hər baş çəkəndə özümüzə döndüyümüz, təmizləndiyimiz, qürur hissi, inam duyğuları, minnətdarlıq, borc hissləri ilə təzələndiyimiz, keçmişə döndüyümüz, gələcəyə ümidlə, fəxrlə baxdığımız and yeri.
Nazim Hikmətin yazdığı kimi – şəhidlərimizi qəhrəmanlıq toxumları kimi torpağa basdırdıq. O torpaqdan Allah verdilər. Fərid Asiflər, Həsən Qorxmazlar, Vəzirlər… Mübarizlər yetişdi. İndi düşmən qorxu içində, səksəkə içində intiqam gününün kabusunu yaşayır – əgər buna yaşamaq deyilərsə.

…O gecə, məhz o gecə biz yenidən doğulduq – ölkəmiz, Bayrağımız, Himnimiz, Gerbimiz, qəlbimiz, gücümüzlə, igid oğullarımızla, müqəddəs torpağımızla.

O gecənin rəngi qıpqırmızı idi. Elə səhərin də. İndi gecələr işıqlı, səhərlər bəmbəyaz olur. Şəhidlərimizin müqəddəs ruhları kimi – bəmbəyaz.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu