Modern.az

Daxili Qoşunların hərbçilərilə bağlı 22 hadisə baş verib

Daxili Qoşunların hərbçilərilə bağlı 22 hadisə baş verib

18 Yanvar 2017, 15:53

Yanvarın 18-də Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2016-cı ildə  xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.


Modern.az xəbər verir ki, müşavirədə çıxış edən  daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Daxili Qoşunlarının xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərin də geniş vüsət aldığını xatırladıb, Qoşunların maddi-texniki bazasının daha da möhkəmləndiyini, müasir silah və texnika alındığını, şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.


Nazir bildirib ki, hesabat dövründə Daxili Qoşunlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb, şəxsi heyət ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib, yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlıq nümayiş etdirib.


Qeyd olunub ki, görülmüş işlər ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilir.


Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.


O deyib ki, hesabat dövründə Qoşunlarda döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin praktiki bacarığının artırılması, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim-tədris bazasının inkişaf etdirilməsi döyüş təliminin başlıca vəzifələrini təşkil edib. Bununla yanaşı, polis orqanları ilə birgə qarşılıqlı əlaqənin və fəaliyyətlərin təkmilləşdirilməsi də təlim prosesində prioritet məsələlərdən olub.


Hərbi qulluqçuların mənəvi-psixoloji hazırılığının yüksəldilməsi, o cümlədən şəxsi heyətin Vətənə və hərbi anda sədaqət, hərbi nizamnamələrin tələblərinə sözsüz əməl edilməsi ruhunda tərbiyə olunması, onlarda xidmətin çətinliklərinə dözüm keyfiyyətlərinin formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. 


Qeyd olunub ki, ötən il  qarşıya qoyulan əsas tapşırıqlardan olan «Formula-1 Avropa Qran Prisi» yarışı və «42-ci Ümumdünya Şahmat Olimpiadası» kimi beynəlxalq tədbirlər zamanı hüquq-mühafizə orqanları ilə birlikdə Daxili Qoşunlar müəyyən edilmiş vəzifələri peşəkarlıqla həyata keçirib.


Qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun riayət olunması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq 2015-ci illə müqayisədə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin və kobud intizam pozuntularının sayı sabit qalıb,  hadisələrin sayı 22 faiz, xəsarətlərin sayı isə 30,4 faiz azalıb.


Bildirilib ki, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və xüsusi texnika ilə təchizatı istiqamətində işlər uğurla davam etdirilib.


Müşavirəyə yekun vuran daxili işlər naziri ötən hesabat ilində Daxili Qoşunların  fəaliyyətini, ümumən, yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.


O deyib ki, əldə edilmiş müsbət nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün bütün zəruri tədbirlər görülməli, qarşıya qoyulmuş tapşırıqların operativ və keyfiyyətli icrasına, döyüş xidmətinin təşkilinə və aparılmasına, döyüş təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilməlidir.



Cari ildə Bakı şəhərində “IV İslam Həmrəyliyi Oyunları” və “2017 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirələciyini xatırladan nazir bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda icrasını, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb edib.

        
Sonda nazir xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bütün lazımi şərait yaradıldığını, şəxsi heyətin böyük dövlət qayğısı ilə əhatə olunduğunu bir daha vurğulayıb, bu ali diqqət və etimada cavab olaraq qanunla müəyyən edilmiş vəzifələrin bundan sonra da peşəkarlıqla yerinə yetiriləcəyinə, xalqa, dövlətə xidmət işinin daha böyük əzmlə davam etdiriləcəyinə əminliyini bildirib.     


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...