Modern.az

Nazir internetin sürətinin azalması barədə deyilənlərə münasibət bildirib

Nazir internetin sürətinin azalması barədə deyilənlərə münasibət bildirib

6 Noyabr 2009, 14:04

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov noyabrın 6-da YAP-ın qərargahında mətbuat konfransı keçirib. Nazir bildirib ki, 2009-cu ilin yanvar-sentyabr ayları ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artaraq 778,6 milyon manata çatıb.

Ə.Abbasovun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sistemində işçilərin orta aylıq əməkhaqqı hazırda 264 manat təşkil edir. Bu ilin 9 ayı ərzində rabitə sahəsində 1146 nəfər işə qəbul edilib, 2160 nəfər işdən azad olunub. Ə.Abbasov deyib ki, oktyabrın 1-ə olan məlumata görə, ölkə üzrə əhalinin hər 100 nəfərinə 15,7 ədəd telefon aparatı düşür. Azərbaycanda mobil telefon abunəçilərinin sayı isə 7,3 milyona çatıb. Yəni hər 100 nəfərdən 82-si mobil telefon abunəçisidir. Əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 8 ədəddir, hər 100 nəfərdən 37-si internet istifadəçisidir. Modern.az xəbər verir ki, Ə.Abbasov bir müddət öncə internet qiymətlərinin aşağı salınması nəticəsində sürətin azalması barədə deyilənlərə belə münasibət bildirib: “Azərbaycanda maksimum sürətə internet almaq asandır. Bunun üçün abunəçilər daha çox pul xərcləməlidir. Amma onlar az pul xərcləməklə ucuz, həm də sürəti zəif olan interneti özləri seçirlər. Bu gün Azərbaycanda internet qiymətləri regionla ümumi qiymətdən aşağıdır. Bizim hesablamalar göstərir ki, nazirlik tərəfindən internet qiymətlərinin bir qədər də aşağı salınması artıq provadyerlərin işlərinə müəyyən qədər xələl gətirə bilər». Nazirin sözlərinə görə, bu gün internetdə yeni dalğa başlayıb: «Bu da geniş zolaqlı çıxışın həyata keçirilməsidir ki, bu barədə bizim problemlərimiz var. Burada provadyerlər tərəfindən müəyyən investisiyalar tələb olunur. Ona görə də onların bu investisiyada problemlərlə üzləşəcəyini nəzərə alaraq, adminstrativ resurslardan istifadə etmək fikirlərmiz hələki yoxdur». Ə.Abbasov onu da bildirib ki, rəqabət nəticəsində internet qiymətlərinin zaman-zaman aşağı düşməsi davam edə bilər.

Nazir bildirib ki, 2009-cu ilin dekabr ayında Azərbaycanda “3G” texnologiyasının tətbiqinə başlanacağı gözlənilir. Mobil rabitə operatorlarından əvvəlcə “Azerfon”,  sonra isə “Azercell” bu texnologiyanın tətbiqinə başlayacaq. Ancaq bundan əvvəl Nazirlər Kabinetinin müvafiq sərəncamı olmalıdır. Sərəncamdan sonra mobil operatorlar “3G”-nin tətbiqi ilə bağlı lisenziya almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edəcək. “3G” texnologiyası vasitəsilə insanlar mobil telefonlar vasitəsilə danışarkən həm də bir-birlərini görə biləcəklər. Ə.Abbasov deyib ki, Azərbaycanın ilk süni peykini orbitə Ukraynanın “Zenit” adlı müəssisəsi çıxara bilər. O, süni peykin orbitə çıxarılması ilə bağlı Ukrayna və ABŞ şirkətlərilə danışıqlar aparıldığını bildirib. Dövlət proqramına görə, 2011-ci ilə kimi Azərbaycanın ilk süni peyki səmaya qaldırılmalıdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir