Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media

25 Mart 2011, 02:55

Modern.az saytı “Media əhvalatları» rubrikasını yenə davam etdirir. Rubrikamızın budəfəki qonaqları “525-ci qəzet”in əməkdaşı İlhamə Qasımlı, APA-nın əməkdaşı Rəşad Süleymanov, “Mərkəz” qəzetinin baş redaktoru Nigar Almanqızı və Modern.az saytının əməkdaşı Mail Ağaxanovdur.

İlhamə Qasımlı, “525-ci qəzet”in əməkdaşı

"Sən qız uşağısan?!"... "Sən jurnalistsən!"

- “Hürriyyət” qəzetində işlədiyimiz dövrlər idi. Bir dəfə redaktor Füzuli Məhəmməd xanım jurnalistlərdən birinə mövzu verdi ki, onu hazırlasın. Jurnalist qız isə mövzuya görə həmin məqaləni hazırlamağa utandı.  Dedi ki, “ay Füzuli müəllim mən qız uşağı o mövzunu nətəhər işləyim axı...”.
Füzuli Məhəmməd də hirslənərək "sən qız uşağısan?!" deyib təpki göstərdi. Xanım jurnalist də çaşmış halda "ay Füzuli müəllim, o nə sözdü, bə kiməm.." deyə özünü itirdi... Füzuli Məhəmməd də cavabında "sən jurnalistsən!" deyib səsini ucaltdı.
Redaktor demək istəyirdi ki, yəni jurnalist utanmamalıdı.

”Düşündüm ki, birdən mövzunu desəm, müsahibədən qaçar”

- Jurnalistikaya yeni baslamışdım. 1992-ci il idi. Telefonu götürüb birbaşa Bakı şəhər Bas Polis İdarəsinin rəisinə zəng elədim. Xəttin o başında özü idi. Dedim ki, “sizdən müsahibə almaq isteyirəm”. Təbii ki, adam da qarsılığında “nə mövzu ilə bağlı” deyə soruşdu. Təcrubəsiz olduğumdan düşündüm ki, birdən mövzunu desəm,  müsahibədən qaçar. Ona görə də "yox, telefonda deyə bilmərəm. Yanınıza gəlim, orda deyəcəm" dedim.

Polad Bülbüloğlu, jurnalist qız və fotoqraf...

- Şəkidə təmirdən sonra Dram Teatrının açılışı idi. Polad Bülbüloğlu o zaman mədəniyyət naziri işləyirdi. Tədbirlərin sonunda icra başçısı ziyafət verdi, bütün iştirakçıların əhvalı yaxşı idi. Hamı dağılışmağa başlayanda “Soy” kompaniyasının “Çal-çağır” verilişinin reportyoru olan gənc qız Polad Bülbüloğluna yaxınlaşıb nazirlə şəkil çəkdirmək üçün ona müraciət elədi. Yeyib-içməkdən sonra kefi lap kökələn nazir "əlbəttə, çox məmnun olaram" deyib şəkil çəkdirməyə razılaşdı. Və əlini qızın belinə qoyub fotoqrafa “çək!” dedi...
Fotoqraf şəkil çəkmək istəyəndə tərslikdən fotoaparatda nə isə problem yarandı. Nazir isə əli qızın belində gözləyir...
Fotoqraf həyəcanlı şəkildə "Polad müəllim, bağışlayın, fotoapartda kiçik problem yaranıb. İndicə çəkəcəm" deyə vəziyyətdən çıxmağa çalışdı. Polad Bülbüloğlu da kefini pozmadan "sənin aparatın nə qədər gec düzəlsə, o qədər yaxşıdı. Mənim əlim çox əla yerdədi" dedi...

Ev siyahısı mübahisə yaratdı

Nigar Almanqızı, “Mərkəz” qəzetinin baş redaktoru

- Milli Məclisin iclasından çıxırdıq. Hava soyuq idi. Modern.az-ın baş redaktoru Elşad Eyvazlı təklif etdi ki, kimin yolu uzaqdırsa, onu maşınla apara bilər. Mən və “525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu redaksiyaya tez çatmaq üçün maşına mindik.
Yolda Kamil başladı jurnalistlərə veriləcək mənzillərdən və bununla bağlı hazırlanacaq siyahıdan danışmağa...
Kamil bir şey dedi, Elşad başqa şey, sözləri çəpləşdi, axırda başladılar mübahisə etməyə.
Elşad dedi “ay Kamil, Allah evini tiksin, səbrin olsun “Domsovetə” az qalıb, “Mərkəz”in redaksiyasına çatıb, Nigar xanımı düşürək, sonra sənin necə lazımdısa, cavabını verərəm”.
Kamil də israrla dedi ki, “yox, elə mən istəyirəm ki, Nigar xanımın yanında mənə nə cavab verəcəksən, deyəsən”.
Belə başa düşdüm ki, Elşad Kamilə nə isə pis sözlə cavab vermək istəyirmiş, mən maşında olduğuma görə deyə bilmirdi.

Rəşad Süleymanov, APA-nın əməkdaşı

Nahid Canbaxışlının həbs olunmağı

- 2005-ci il parlament seçkiləri öncəsi idi. Şamaxının keçmiş polis rəisi Allahverdi Həsənov deputatlığa namizədliyini irəli sürmək istəyirdi. Bir neçə qəzetdə haqqında yazı yazılması üçün redaktorlardan xahiş etmişdi. «Olaylar» qəzetindən Nahid Canbaxışlı, «525-ci qəzet»dən mən, «Üç nöqtə»dən isə Elməddin Muradlı yazı hazırlamaq məqsədi ilə Şamaxıya ezam olunmuşduq.
Nahid səhər tezdən-bizdən biq qədər əvvəl Şamaxıya çatmışdı. Elməddinlə mən isə günorta çıxacaqdıq. Günorta saat 12-dən Nahid başladı zəng eləməyə ki, “hardasınız, gəlmirsiniz..?”.
Nahidə yalandan dedik ki, yoldayıq. Günorta nahar edəndən sonra Elməddinlə Şamaxıya yola düşdük.
Şamaxı Polis Şöbəsinə çatanda gördük ki, polis rəisi Nahidi salıb bir otağa, qabağına da töküb 90-cı illərin saralmış qəzetlərini ki, material hazırlamaq üçün oxusun. Yazıq Nahid saralıb-solmuş qəzetlərin arasında başını itirmişdi, vurnuxurdu. İyul ayının adamı bişirən istisində susuzluqdan yansa da, qabağına Allahın bir stəkan suyunu qoymamışdılar. Bir polis serjantı da dayanmışdı qapının ağzında. Qapıdan çıxmağa qoymurdu ki, “rəis tapşırıb ki, heç hara buraxma”. Bir sözlə Nahid həbs olunmuş vəziyyətdəydi.
Bizi görəndə Nahid yazıq görkəm aldı, amma həm də üzü güldü. Naxçıvan ləhcəsində «nadı? Adamla belə məzələnlər? Sizə görə səhərdən ac-susuzam» dedi.
Az keçməmiş polis rəisi bizim üçümüzü də otağına çağırdı. Təkrar qəzetləri tökdü qarşımıza ki, “mənim döyüşlərdə iştirakımdan yazıblar. Oxuyun bir şey hazırlayın. Bir-iki gün də qonağımsınız”. Sonra da bir audiokaset gətirdi ki, “bu da radio verilişinin lent yazısıdır”. Nahid kaseti və qəzetləri görəndə elektrik vurmuş kimi yerindən atlandı: «Rəis qadan alım, kaseti də, o kitab və qəzetlərdəkiləri də əzbərləmişəm. Əziyyət çəkməyin, mənə su verin, uşaqlara özüm danışıb başa salaram».

Ramil Məmmədlinin sürücülüyü

- Jurnalist həmkarım Ramil Məmmədli yenicə maşın almışdı. Sürücülük vəsiqəsi olmasa da, iki gün idi evdən işə, işdən evə gəlib-gedirdi. Bir gün işdən çıxanda yolumuz eyni istiqamətdə olduğundan yenicə sürücülüyə başlamış Ramilin dəvətini qırmayıb ona yoldaş oldum, maşınına əyləşdim. Ramil maşını yerindən necə tərpətdisə, ürəyimdə özümü danladım ki, haradan səhv edib bunun maşınına mindim.
Xəbərdarlığıma baxmayaraq Ramil riskli şəkildə, üstəlik «çaspik» vaxtına baxmayaraq işıqfora çatanda maşını yolun sağından soluna keçirib, iki «Prado»nun arasında saxladı.
- Ə neyləyirsən? Əzəcəkdin...
- Qorxma, görürlər xam sürücüyəm. Özləri yola verəcəklər.
Rəşid Behbudov küçəsinin işıqforların qırmızı işığında Ramil mühərriki də söndürdü, yaşıl işıqda işə saldı.
Hər dəfə işıqforlarda saxlayanda mühərriki söndürür, sonra da işə salırdı. Qarnı imkan verməsə də (o vaxt həddən ziyadə kök idi) qulağını açar yerinə yaxınlaşdıraraq qulaq asır, sonra isə arxada sıraya düzülmüş avtomobillərə fikir vermədən arxayıncasına yola düzəlirdi.
Yolun ortasında nədən belə etdiyini soruşduqda Ramil «birincisi benzinə ekonomiya edirəm. İkincisi də qulaq asıram görüm maşın işə düşüb, ya yox» deyə cavab verdi...

Bir müddətdən sonra zəng elə, müsahibə verərəm”

Mail Ağaxanov, Modern.az saytının əməkdaşı

- Bir dəfə səhər işə yenicə başlamışdıq, əməkdaşımız Xaqani Səfəroğlu dedi ki, tanınmış aktyor Fəxrəddin Manafovdan maraqlı ovqat müsahibəsi almaq istəyir. Redaktor Əfqan Qafarlı da dedi ki, “ondan çətin müsahibə ala biləsən. Çünki heç kimə müsahibə vermir, jurnalistlərdən mümkün qədər uzaq qaçır. Amma yenə də bir yoxla, alınsa, yaxşı olar...”.
Xaqani Səfəroğlu aktyorun mobil telefonuna zəng elədi. Tanımadığı nömrələrə nadir hallarda cavab verən (belə deyirlər) Fəxrəddin müəllim dəstəyi qaldırdı. Aktyorun hal-əhvalını soruşandan sonra Xaqani “Fəxrəddin müəllim, istəyirik, sizdən bir yaxşı müsahibə alaq, vaxtınız varsa” dedi.
Səsucaldıcı ilə danışdıqlarından söhbəti biz də eşidirdik.
Fəxrəddin müəllim müsahibəyə o saat “yox” demədi. Xaqani də, redaktor da sevindilər ki, deyəsən müsahibə alınacaq. Aktyor bir qədər səhhətindən-filandan danışdı. Sonra dedi: “Həə, noolar, bir müddət sonra zəng edərsən, mən sizə müsahibə verərəm”.
Xaqani:
- Baş üstə, Fəxrəddin müəllim, onda neçə gündən sonra sizə zəng edim?
- Bir ildən sonra...
- Nəəəə, bir ildəəən...?
Xaqaninin rəngi dəyişdi, gözləri böyüdü...
- Hə, bir ildən sonra, yaxşı oldu, sağ olun...
Dəstəyi asan Fəxrəddin Manafov bu dəfə də jurnalistdən qaçdı...

”Mən parlamentə deputat kimi getmək istəyirdim, bunlar heç məni ora jurnalist kimi buraxmırlar”

Jurnalist Taleh Şahsuvarlı neçə vaxtdır ha çalışır ki, Milli Məclisdə özünün axar.az saytının adından akkreditasiyadan keçsin, iclasları izləmək üçün. Amma alınmır ki, alınmır. Nədənsə parlamentdən onun müraciətlərinə müsbət cavab vermirlər. 
Taleh bəy əvvəl akkreditasiyadan keçmək üçün Milli Məclis rəhbərliyindən xahiş edirdi. Hər gün də ona kömək etməsi üçün Parlament Jurnalistləri Birliyinin sədri olan baş redaktorumuz Elşad Eyvazlının yanına - bizim redaksiyaya gəlirdi (yeri gəlmişkən, onun redaksiyası bizə qonşudu).
Əvvəllər akkreditasiya ilə bağlı xahiş edən Taleh Şahsuvarlı son vaxtlar artıq tələb edir, huqularının pozulduğunu bildirir. Ardınca da bununla bağlı özü də məqalə yazdı, müsahibələr də verdi. Amma məsələ müsbət həll olunmadı..
Sonuncu dəfə bizimlə görüşəndə hirsli-hirsli deputatlığa sabiq namizəd olduğuna işarə edən Taleh >ahsuvarlı “ə, mən parlamentə deputat kimi getmək istəyirdim, bunlar məni ora heç jurnalist kimi buraxmaq istəmirlər” deyib məhkəməyə müraciət edəcəyini vurğuladı.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı