Modern.az

İtkin neftçilərin ailələrinə kompensasiya verildi

İtkin neftçilərin ailələrinə kompensasiya verildi

25 Yanvar 2017, 15:34

“18 yanvarda Xəzərdəki qəza nəticəsində itkin düşmüş neftçilərin ailələrini xilasetmə işləri ilə tanış olmağa dəvət ediblər”.

 

Bu haqda Modern.az-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

 

Hüquq müdafiəçisi ailələrə verilən məlumatları açıqlayıb:

“Ailələrə bildirilib ki, cəsədlərin uçqun qalıqlarının altında qalma ehtimalı olan 4-5 kv.m.sahə təmizlənib”.


M.Qəhrəmanlı bildirib ki, itkin düşən hər neftçi ailəsinin bir üzvü işlə təmin olunacaq:

“Bunun üçün onlardan sənədlər götürülüb. Hazırda onlar işə düzəlməyi gözləyirlər”.

M.Qəhrəmanlı itkin neftçilərin ailələrinə verilən kompensasiya barədə də məlumat açıqlayıb:

 

“Həmkarla İttifaqı Təşkilatı tərəfindən1500 manat, SOCAR tərəfindən 1000 manat, xeyriyyə cəmiyyəti tərəfindən 1000 manat ödənilib. Eyni zamanda SOCAR hər ailəyə içərisində 5000 manat olan plastik kart verib”.

 

Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.
 

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

 1. Zülfüqarov Güloğlan - maşinist

 2. Zülfüqarov Azay - operator

 3. Qurbanov Vidadi - operator

 4. Həsənov Elçin - mexanik

 5. Hacıəliyev Həsənağa - operator

 6. Qafarov İlham – operator (meyiti tapılıb)

 7. Əsədov Samir - operator

 8. Bəhrəmov Cavid - operator

 9. Abbasov Ramiz - maşinist

 10. Rüstəmov Qorxmaz – operator.

SOCAR-ın "Azneft" İstehsalat Birliyinin məlumatına görə, itkin neftçilərdən yalnız Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılaraq ailəsinə təhvil verilib.

 

Gülşən RAUFQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır