Modern.az

Çağdaş dövrün ən tanınmış ədəbi simaları kimlərdi... - Şair, yazıçı və tənqidçilərin CAVABLARI

Çağdaş dövrün ən tanınmış ədəbi simaları kimlərdi... - Şair, yazıçı və tənqidçilərin CAVABLARI

27 Yanvar 2017, 09:20

Modern.az saytı XXI əsr - yəni, 2000-ci ildən bu yana çağdaş dövrümüzün tanınmış ədəbiyyat nümayəndələrinin kimliklərini öyrənmək üçün qələm dünyasının yaşlı, orta və gənc nəsli arasında kiçik sorğu keçirib.

Sorğuda iştirak edən və hər üç nəsildən olan şair, yazıçı, tənqidçilərin  fikrincə,  çağdaş Azərbaycanın nəsr, poeziya və dramaturgiyasının ən parlaq nümayəndələri  bunlardı:

Cavanşir Yusifli (tənqidçi):“Gör, neçə il keçib və o vaxtı az-çox parıldayan nə vardısa, Bəşir Səfəroğlu demişkən, “daha parıldamır” . Zarafat bir yana, ədəbiyyatın bu şəkildə, il və yarımil, çərəklərlə hesablanıb dəyərləndirilməsi elə təfərrüatlardan söz açılacağına işarədir. Müstəqillik dövründən söz açılsa, əlbəttə ki, böyük və narahat bir proses haqqında danışarıq və olsun ki, bütün lazımi sözləri də deməyi yaddan çıxara bilərik. Poeziyada yeni imzalar yarandı. Yeni ifadə tərzi, üslublar meydana gəldi. Maraqlı olan həm də bu “yeni”nin ideya və forma etibarı ilə köhnələrdən qopması, hansı mühüm “çat”ların yaranmasına yol açmasıdır.
Keçən əsrin 1990-cı illərində Həmid Herisçinin yazdığı şeirlər məhz bu “çat yerini” bəlləmək baxımından böyük əhəmiyyət daşıyır.
2000-ci ildən üzü bəri Səlim Babullaoğlunun yazdığı şeirlərdə bir proqram səciyyəsi, “estetikanın təzələnməsi” və fərqli səslər üzərində qurulması prosesi ilə yadda qaldı. Qismət, Fərid Hüseyn bu illərin çox təbii nəticəsi və yekunudur. Jalə, Rəbiqə Nazimqızı və bir çox başqaları…
Dramaturgiyada qeyd etdiyiniz illərdə hansısa imzanın yanıb-söndüyünü görməmişəm. Bir imzadan başqa: Jalə. Konkret uğurları var. Nəsrdə isə Məqsəd Nur ( “Şəhər meri” əsl hadisədir) Mübariz Cəfərli, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Qan Turalı, Mübariz Örən, Həmid Piriyevi deyə bilərik”.


Nəriman Əbdürrəhmanlı
(yazıçı, tərcüməçi): “Söhbət ən yeni nəsildən gedirsə, xeyli istedadlı qələm sahibləri var. Amma hələ əksəriyyəti formalaşma, püxtələşmə prosesindədirlər, ədəbiyyatın yükünü çəkib-çəkməyəcəkləri özlərinin ədəbiyyata münasibətlərindən asılı olacaq. Şərif Ağayar, Mübariz Örən, Aqşin Yenisey, Qismət, İkinci Mahmud, Mövlud Mövlud, Hədiyyə Şəfaqət, Nərmin Kamal, Rəbiqə Nazimqızı... və bir çox digər imzalardan məhz bunu gözləyirəm”.

Əsəd Cahangir (tənqidçi): “Şeirdə və nəsrdə Həmid Hersiçi, şeir, nəsr və dramaturgiyada İlqar Fəhmini qeyd edərdim.  Həmid Herisçi postmodernist şeirin ən parlaq örnəklərini yaradıb. Onun “Solaxay" romanı post-insanın qaranquşudur. İlqar Fəhmi şeirdə qəzələ yeni nəfəs gətirib. "Aktrisa", "Çənlibel tülküsü", "Akvarium" romanları nəsrdə postmodernizmin uğurlu nümunələridir. "Zümrüd parıltısı" dramında psixologizmin indiyə qədər bizdə olmaya daha incə, daha dərin qatlarına girə bilib. "Şah Abbas" dramında milli dramaturji fikrə yeni forma gətirib. Bu imzaların hər ikisi öz dərin intellekti ilə seçilir. Hər  ikisinin bədii idrakı üçün Qərblə Şərqin sintezi xasdır. Onlar öz əsərləri ilə ədəbi-bədii düşüncəmizdə neo-maaarifçiliyin əsasını qoymaqdadırlar və bu əsasda hələ çox yeniliklərə imza atacaqlar”.

Salam Sarvan (şair): “Ən yeni dövrdə dramaturgiya janrında parlaq imzaya rast gəlməmişəm. Ancaq 2000-ci ildən sonrakı dövrün nəsrində də, poeziyasında da maraqlı imzalar var. Həm də hiss olunur ki, məhz 2000-ci ildən sonra ədəbiyyata gələnlər, heç olmasa, sosial şəbəkələrdə ədəbi mühitin qaynarlığını qoruyub saxlayırlar".

Firuz Mustafa (dramaturq): “Düşünürəm ki, bu sadaladığınız janrlarda diqqətəlayiq əsərlər yaranıb. Amma konkret ad çəkmək bir az çətindir. Bunu ədəbiyyatşünaslar daha yaxşı müəyyən edə bilərlər”.

Aqşin Yenisey (şair):“Mən 2000-ci ildən bu yana Azərbaycan ədəbiyyatını bütövlükdə uğursuz hesab edirəm və özümü də bu uğursuz ədəbiyyatın bir üzvü sayıram. Ona görə ayrı-ayrı uğurlardan danışmağım etik görünməz”.

 

Ehtiram İlham (şair): “Poeziyada Məmməd İsmayil, Ramiz RövşənMusa Yaqubu, nəsrdə Saday Budaqlı, Əyyub QiyasıNəriman Əbdülrəhmanlını deyə bilərəm. Dramaturgiyada isə Vaqif Səmədoğlu ilə Əli Əmirlini qeyd edərdim”.

 

Mövlud Mövlud: “Şeirdə Aqşin Yenisey və Aqşin Evren, Şəhriyar Del Gerani,  nəsrdə Şərif Ağayar,  Kəramət Böyükçöl, Ayxan Ayvaz”.

Emin Piri: “Poeziyada  Aqsin Yenisey, Fərid Hüseyn, Ramil Əhməd, Aqşin Evren, nəsrdə Mirmehdi Ağaoğlu, Şərif Ağayar, Mübariz Örən, Günel Eyvazlı”.

İntiqam Yaşar: “Əslində, 2000-ci ildən bu yana dövr anlayışı olaraq tam oturuşmayıb desək, yanılmarıq. 1990-cı illərdən bəri, bu günümüz də daxil olmaqla eyni hava, eyni dövr kimi xarakterikdir. Mən bunu həm də həmin illərdə baş verən məlum hadisələr fonunda regional travma, psixoloji məsələlərlə əlaqələndirirəm. Çünki, nəsil olaraq 2000-ci illərdən sonrakı nəsil də eyni havanı udmaq məcburiyyətində qaldı. Konkret olaraq, sizin sorğunuza gəldikdə isə ədəbiyyat həm də zaman işi olduğundan indilik bu dövrü qəti şəkildə qiymətləndirmək, xarakterizə etmək tam olaraq mümkün olmaya bilər. Amma kifayət qədər yaxşı imzalar var. Dramaturgiya inkişaf baxımından digər iki janrdan geri qalsa da, nəzm və nəsrdə inkişaf danılmazdır.
Poeziyada Emin Piri, Fuad Cəfərli, Tural Turan, Emil Rasimoğlu, Elməddin Nicat, Tural Adışirin, Elçin Aslangil, Aqşin Evren, Xəzər Süleymanlı və s. (bu siyahını kifayət qədər uzatmaq olar) imzalar var. Nəsrdə Şəfa Vəlinin, Yeqzar Cəfərlinin, Taleh Mansurun və s. gənclərin adını çəkmək olar. Bundan əlavə, Sevinc Elsəvərin "Arzu və Murad" adlı bir tamaşasına baxmışdım. Səhv etmirəmsə müsabiqədə qalib olmuşdu. Könül istərdi ki, nəzm və nəsr haqda dediklərimizi dramaturgiya sahəsi haqda da deyə bilək. Məncə, bu sahədə stimullaşdırıcı tədbirlər görülməlidir. Teatrlar bu işdə daha çox maraqlı olmalıdır”.


E.Nazimoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır