Martın 30-da Sabirabad və Saatlı rayonlarında növbəti etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulur. Bu barədə Modern.az saytına "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DIUC) sədri Oqtay Gülalıyev məlumat verib. O deyib ki, mitinqin təşkilatçıları sadə insanlar - Kür daşqınlarının təsirinə məruz qalan vətəndaşlardır. Aksiya iştirakçıları sosial tələblər irəli sürərək bölgədəki dözülməz vəziyyətin yaxşılaşdırılmasını istəyəcək, hökumətin bu insanları aldatmasına, problemlərini həll etməməsinə etirazlarını bildirəcəklər.
“Mitinqlə bağlı rayon rəhbərliyinə müraciət edilib. Bu gündən başlayaraq fəallar İcra Hakimiyyətine və Polis şöbəsinə çağırılaraq onlara psixoloji təzyiqlər edilir. İnsanlar isə mitinqin keçirilməsində israrlıdırlar və tələblər yerinə yetirilməsə aprelin 2-də Bakıya Prezident Administrasiyasına yürüş ediləcəyi bildirilir”-deyə O.Gülalıyev qeyd edib.
Onun sözlərinə görə, Saatlıda korrupsiyanın tüğyan etdiyini bildirdiyinə görə Mirabad adlı rayon sakini İcra Hakimiyyəti tərəfindən məhkəməyə verilib və hazırda məhkəməsi gedir.
O.Gülalıyev deyib ki, vətəndaş cəmiyyəti institutları, hüquq müdafiəçiləri Saatlı və Sabirabadda baş verən prosesləri diqqətdə saxlamağa çalışacaqlar.
Modern.az