«Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyevlə bağlı insident bu gün Daxili İşlər Nazirliyində keçirilən görüşdə müzakirə edilib. Görüşdə daxili işlər naziri Ramil Usubov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, «Turan» İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev iştirak edib.
Mətbuat Şurasının DİN-ə müraciəti əsasında baş tutan görüşdə hadisə ilə bağlı araşdırmanın aparılması məqsədilə DİN-in və Baş Prokurorluğun xüsusi nümayəndələrinin olay yerinə ezam edilmək üçün ayrıldıqları bildirilib. Nazir R.Usubov ibtidai araşdırmanın təşkilini, işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması istiqamətində zəruri tədbirlərin görülməsinin təmin edilməsini DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, general-mayor Sərvər Mehralıyevə həvalə edib.
Görüşdə həmçinin razılığa gəlinib ki, araşdırma ilə bağlı proseslərdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, «Turan» İA-nın baş direktoru Mehman Əliyevin, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılının iştirakı qanuna müvafiq surətdə təmin ediləcək və ictimaiyyət vaxtaşırı məlumatlandırılacaq.
Modern.az