Modern.az

Hökumətdən Beynəlxalq Banka DƏSTƏK

Hökumətdən Beynəlxalq Banka DƏSTƏK

Aktual

31 Yanvar 2017, 10:57

Azərbaycan Beynəlxalq Bankı (ABB) əsas səhmdarı olan Azərbaycan hökumətinin 2015-2016-cı illər ərzində milli valyutanın devalvasiyaya uğraması nəticəsində Bankın üzləşdiyi problemlərin həlli məqsədilə dəstək verdiyini açıqlayıb.

Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda qeyd edilir ki, hökumətin dəstək tədbirləri Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanı çərçivəsində Bankın problemli aktivlərinin dövlət qurumu və ABB-nin səhmdarlarından olan “Aqrarkredit” QSC-ə ötürülməsi və bunun müqabilində Banka 10 milyard manat likvid vəsaitin ayrılması, hökumətin ABB-nin səhmlərində iştirak payını artırması hesabına Bankın nizamnamə kapitalının yüksəldilməsi, eləcə də Azərbaycan Dövlət Neft Fondunun Bankda 1 milyard ABŞ dolları məbləğində depozit yerləşdirməsi kimi üç istiqaməti əhatə edir.

Hökumət dəstəyinin əsas məqsədi ABB-nin kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılmasından ibarət olsa da, bu prosesin təsirlərindən biri problemli aktivlərin Aqrarkreditə ötürülməsi ilə ABB-nin valyuta mövqeyinin açılması və bunun nəticəsində manatın son devalvasiyalarının ABB-nin maliyyə mövqeyinə təsir göstərməsidir. Bu təsirlərin aradan qaldırılması və Bankın maliyyə mövqelərinin gücləndirilməsi üçün ABB hazırda hökumət qurumları ilə sıx əməkdaşlıq şəraitində çalışır. Bu fəaliyyət nəticəsində ABB-nin 600 milyon manat dəyərində səhmlərinin əlavə emissiyası və Azərbaycan Maliyyə Nazirliyinin nizamnamə kapitalında iştirak payını artırması hesabına ABB-də dövlətə məxsus səhmlər 82,2%-dən, 91,3%-ə çatıb. (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi - 76,7%, Aqrarkredit - 14,6%).

Hazırda hökumətin Beynəlxalq Banka gələcək dəstək tədbirləri üzərində iş gedir. Eyni zamanda, Prezidentin 27 dekabr 2016-cı il tarixli Fərmanında Maliyyə Sabitliyi Şurasına ABB-nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirlərin təsdiqlənərək icrası tapşırılmış, bunun üçün müvafiq vəsaitin ayrılması nəzərdə tutulub.

ABB hazırda digər hökumət qurumları ilə birgə Bankın fəaliyyəti üzrə məsləhətçinin təyin edilməsi prosesini həyata keçirməkdədir. Məsləhətçi görülmüş sağlamlaşdırma tədbirlərinin ABB-nin fəaliyyətindəki təsirlərini qiymətləndirəcək və gələcək fəaliyyət üçün lazımi addımları müəyyənləşdirəcək.

Açıqlamada o da qeyd edilib ki, Azərbaycan Beynəlxalq Bankı Maliyyə Nazirliyi ilə sıx koordinasiya rejimində işləyir.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?