Modern.az

Nizami Cəfərovdan özbək tarixçiyə DƏSTƏK: “Biz ermənilərin nazı ilə oynayası deyilik ki?..”

Nizami Cəfərovdan özbək tarixçiyə DƏSTƏK: “Biz ermənilərin nazı ilə oynayası deyilik ki?..”

Aktual

31 Yanvar 2017, 11:59

Artıq bir neçə gündür ki, ermənilər özbək tarixçisi Şuxrat Salamova qarşı çirkin kompaniyaya aparırlar. Özbək tarixçi müəllifi olduğu "Qarabağ: ideyalar müharibəsi" və "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitablarına görə təqib olunur.
"Qarabağ: ideyalar müharibəsi" kitabda yazıçı erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları göstərir. İkinci kitabda isə ermənilər tərəfindən özbəklərlə bağlı törədilən qətliamdan bəhs olunur.

Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Şuxrat Salamova qarşı kampaniya başlayıb. Tarixçi-publisist falsifikasiya, milliyyətçilikdə, pantürkizm, fırıldaqçılıqda ittiham edilən tarixçi-publisist haqqında əsassız böhtanlar yayılır, ekstremist qruplarla əlaqədə günahlandırılır, şərəf və ləyaqəti təhqir olunur.

Erməni icmasının nümayəndələri hətta onun evinə hücum ediblər. Rəsmi Yerevanın və erməni icmasının təsiri ilə Şuxrat Salamov barəsində millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə cinayət işi qaldırılması məsələsi gündəmdədir.


Azərbaycan Milli Məclisinin deputatı, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov Modern.az-a açıqlamasında deyib ki, ermənilər bu cür tədqiqatlara, faktlara qarşı hər zaman həssasdır:

“Amma biz ermənilərin nazı ilə oynayası deyilik ki? Burada söhbət obyektiv tədqiqatların aparılmasından gedir. Ermənilərin elm adamları buna normal, tutarlı cavab verə bilirlərsə, versinlər. Bacarmırlarsa, biz nə etməliyik ki?!

Dünyanın elə vaxtıdır ki, elm adamlarına intellektual səlahiyyətlər verilməlidir. Bunun qarşısının alınması mümkün deyil. Biri var nəyisə böhtanla, şərlə yazırsan, biri də var ciddi arxivlər, tarixi materiallar əsasında ortaya çıxarırsan. Belə olan halda erməni olmur, kim olur-olsun, o mövqedən yanaşmaq anti-elmi, anti-intellektual və anti-mədəni hadisədir”.

 
N.Cəfrov özbək tarixçisini böyük tədqiqatçı adlandırıb:

“Mən həmin insanın çox ciddi tədqiqatçı olduğunu bilirəm. Onun Azərbaycan, Türkiyə və dünya ölkələrinin tarixçilərilə geniş əlaqələri var. Obyektiv bir tədqiqatçıdır. Onun hədəfində erməniləri məqsədli şəkildə təhqir etmək yoxdur. O, ermənilərin yayıldığı türkdilli ölkələrdə onların törətdikləri cinayətləri faktlarla, sənədlərlə təhlil edib. Onun əsərində emosiyaya rast gələ bilməzsiniz. Hətta azərbaycanlı tədqiqatçının əsərində müəyyən emosiya ola bilər, bu, təbiidir. Çünki ermənilərin Azərbaycan xalqına vurduğu ziyan dünyanın gözü qabağındadır. Bu şəxs isə özbəkdir və kifayət qədər neytral tədqiqatların müəllifidir. Sadəcə olaraq faktlar bunu diqtə edir. Tədqiqatçı düzü deyirsə, birinci növbədə Azərbaycan ictimai fikri, Azərbaycan elmi onu müdafiə etməlidir. Söhbət obyektivliyin tədqiqatından gedir. Həm də bizim insan hüquqları nöqteyi-nəzərindən haqqımız var ki, belə bir adamı, tədqiqatçını müdafiə edək”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar