Modern.az

“Rəsulzadənin ev muzeyi bu ünvanda yaradılmalıdır” - Araşdırmaçıdan TƏKLİF

“Rəsulzadənin ev muzeyi bu ünvanda yaradılmalıdır” - Araşdırmaçıdan TƏKLİF

Aktual

31 Yanvar 2017, 12:05

Bu gün Azərbaycan dövlətçilik tarixinin liderlərindən olan böyük Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 133-cü ildönümüdür. 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu bütün dünya tarixində önəmli yeri olan şəxsiyyətlərdən biridir.

Lakin bu gün də Rəsulzadə ilə bağlı toxunulması vacib olan məsələlər- publisistik irsi, diplomatik fəaliyyəti, dövlətçilik dünyagörüşü, mühacirət fəaliyyəti, acı taleyi- çoxdur.

M.Ə. Rəsulzadə irsinin araşdırıcısı, tarix elmləri doktoru Nəsiman Yaqublu Modern.az-a açıqlamasında Rəsulzadə ilə ilgili görülməsi vacib olan faktorları sadalayıb:

“Birinci növbədə, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dövlətçilik tarixində gördüyü işlər, istiqlal uğrunda mübarizəsi təfərrüatı ilə ictimaiyyətə, gənc nəslə çatdırılmalıdır. Bu, çox önəmlidir və bunu daha çox qabartmalıyıq.

İkinci məsələ, onun ayrı-ayrı fərdlərlə əlaqələrinin necə formalaşmasını öyrənməkdir.  Onun Polşa, Almaniya, Türkiyə, Rumıniya, Fransa və başqa dövlətlərlə şəxsi əlaqələr qurmasını və bundan Azərbaycanın dövlətçiliyinin lehinə istifadə etməsini yaşlı nəsil araşdırmaçıları bu gün də qoruyub saxlayır.

Üçüncü amil isə gənc nəslə qoyub getdiyi ədəbi-publisistik irsin düzgün təbliğidir. Gənc nəsil həmin əsərlərdən qidalansın və düzgün tərbiyə alması çox vacibdir. Dördüncüsü, Rəsulzadənin bütün əsərlərini toplayaraq, nəşr edib və gənc nəslə çatdırmalıyıq və bu çox gecikməməlidir”.


Araşdırmaçını düşündürən digər məsələ Rəsulzadənin ev muzeyinin olmamasıdır. O, hətta bununla bağlı təklif də verir:

“Mənə elə gəlir ki, Rəsulzadənin vaxtılə yaşadığı evdə ev muzeyi açılsa, daha yaxşı olar. Həmin ev indiki Mərkəzi Univermağın yanında,  qabaqlar “Qasım İsmayılov-129 küçəsi” kimi adlanan ünvanda yerləşir. Oranı hazırda ev muzeyi etmək və Rəsulzadəyə aid olan nə varsa, ora cəmləmək lazımdır. Onun bütün sənədlərini, əşyalarını həmin muzeyə təhvil vermək lazımdır. Əgər bu baş verərsə, mən çoxlu sayda eksponatları ora təhvil verməyə hazıram”.

E.Nazimoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir