Modern.az

Əli Həsənov: “Ermənistana heç bir təzyiq edilmir…”

Əli Həsənov: “Ermənistana heç bir təzyiq edilmir…”

Aktual

31 Yanvar 2017, 17:31

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov yanvarın 31-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Avropa Bürosu Direktoru Vinsent  Koçetelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    
Modern.az xəbər verir ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb və bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.

Əli Həsənov BMT QAK-ın rəhbərliyinin Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə həmişə diqqətlə yanaşdığını, sabiq ali komissarlar xanım Sadako Oqata və Antonio Quterreşin Azərbaycana səfərlərinə, çadır düşərgələrindəki və digər ərazilərdə məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmalarına toxunaraq, bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələrin daha da inkişaf etdiyini, və bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

  
BMT QAK-ın yeni fəaliyyətə başlayan regional nümayəndəliyinin yaradılmasında əsas məqsədin yerli nümayəndəliklərin fəaliyyətinə dəstək verməkdən ibarət olduğu vurğulanan görüşdə bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olub. Bu gün də məcburi köçkünlər arasında iş vərdişlərinin bərpa edilməsi, reabilitasiya proqramlarının və digər texniki proqramların hazırlanmasında bu təşkilata ehtiyac var.

    
 Görüşdə bildirilib ki, bu gün ölkəmizin həll olunmamış yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemidir. Ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün bütün lazımı şərait yaradılıb ancaq bu insanların yeganə istəkləri öz doğma torpaqlarına qayıtmaqdır.

    
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verən Əli Həsənov deyib ki, münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilmir.  BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir və bu işğalçı ölkəyə qarşı da heç bir təzyiq edilmir. Bu, ən böyük ədalətsizlik və beynəlxalq hüquq normalarının pozulmasıdır. Bu, bizdə bir daha elə bir təsəvvür yaradır ki, beynəlxalq hüquq qüvvədə deyil və bu, dünyada beynəlxalq münasibətlərə təsir edən dövlətlər tərəfindən tətbiq olunur.

  
Əli Həsənov deyib: “Bu gün dünyada bir çox problemlər var. Ancaq bunların içərisində ən həssası qaçqın və məcburi köçkün problemidir. Güclü dövlətlər yeni ərazilər əldə etmək, təbii resurslar qazanmaq və dünyanın coğrafiyasını bölüşdürmək üçün müharibələr aparırlar. Ortada isə kiçik xalqlar əziyyət çəkirlər. Bir tərəfdən insan hüquqlarının qorunmasından danışırlar, digər tərəfdən isə gündə minlərlə insan həlak olur”.

   
Baş nazirin müavini bildirib ki, bu gün 550 milyon nəfər əhalisi olan Avropa 1 milyon miqrantın qarşısında çarəsiz qaldı. Bu insanların hər gün hüquqları pozulur. Bu gün bizə insan hüquqlarının qorunmasında irad tutan ölkələr  bilməlidir ki, 90-cı illərin əvvəllərində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün olub.

 Ölkə Prezidenti İlham Əliyevin son günlər məcburi köçkünlərlə bağlı imzaladığı fərman və sərəncamlar haqqında məlumatlı olduğunu və bunu dəstəklədiyini deyən qonaq işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərinin geriyə qayıdışı prosesində BMT QAK-ın yaxından iştirak etmək istədiyini və bu sahədə öz təcrübələrini bölüşmək istədiklərini bildirib. Onlar eyni zamanda 2019-cu ildə əhalinin siyahıya alınmasında da yaxından iştirak etmək istəyirlər.

 

Ə.Həsənov deyib ki, Prezidentin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tezliklə yeni qəsəbənin, məktəb binasının tikintisinə başlanılacaq.

Qonaqlar Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məskunlaşmış məcburi köçkünlərlə də görüşüb  və  onlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?