Modern.az

8435 borclu ölkədən çıxa bilməyib – Rəsmi

8435 borclu ölkədən çıxa bilməyib – Rəsmi

Aktual

31 Yanvar 2017, 20:29

“Dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.300-ü, KİV-lərin sayı isə 5.100-ü ötüb. Həmçinin, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılması, qrantların verilməsi prosedurunun sadələşdirilməsi və şəffaflığın təmin olunması üçün dövlət başçısının tapşırığına əsasən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb, bununla bağlı qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə əlaqələndirici qurum kimi müəyyən olunmuş Ədliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülüb”. Modern.az saytı xəbər verir ki, bu məlumat Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında açıqlanıb.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən Kollegiya iclasında bildirilib ki, ötən il notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,6 milyonu ötüb, 350 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib: “Bu əməliyyatlarla bağlı 40,3 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib. Vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması və onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ədliyyə infrastrukturunun müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülüb, o cümlədən ötən il ölkə başçısının iştirakı ilə Xaçmaz nikah evi, habelə yeni inşa olunmuş Mingəçevir şəhər qeydiyyat şöbəsi üçün inzibati binalar istifadəyə verilib”.

Diqqətə çatdırılıb ki, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib: “Ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 3 dəfə artaraq 1,8 milyondan çox olub. Hazırda yeni xidmətlərin tətbiqi üzrə işlər görülür. Eyni zamanda, dövlət başçısının Sərəncamı ilə yaradılan "Elektron məhkəmə" informasiya sistemi çərçivəsində elektron sənəd dövriyyəsinin, məhkəmə işlərinin elektron idarə edilməsinin, proseslərin elektron qeydiyyatının sınaq rejimdə məhkəmələrdə tətbiqi davam etdirilib, sistemin yeni komponentlərinin - "vətəndaşın şəxsi kabineti"nin və "elektron icra"nın yaradılması üzrə və digər tədbirlər görülüb. Artıq bir sıra icra qurumlarında "elektron icra" sistemi pilot qaydada tətbiq edilir. Həmçinin, cari ilin əvvəlindən iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılması təmin olunur.

Nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində iş yükü kəskin artıb və icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox - 712 min icra işi daxil olub. Onlardan 300 mindən çoxunun icrası təmin edilib, digərlərinin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib.

İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6.548 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 3.519 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub. Məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 8.435 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1.857 şəxsdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.

Məhkəmə ekspertizası mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 31 minə yaxın iş daxil olub, bu zaman ekspertlər 578 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-ni həll ediblər”.

Bildirilib ki, dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması üzrə tədbirlər davam etdirilib. Açıq müsabiqələr nəticəsində əksəriyyətini gənclər təşkil edən 204 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub, bütövlükdə ötən il ərzində 555 vakant ştat vahidi komplektləşdirilib. Eyni zamanda dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilib, gənc könüllülərin 50-ə yaxını ədliyyə orqanlarında işlə təmin olunub.

Ötən il penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi, cəza çəkən şəxslərin hüquqlarının qorunması, saxlanma şəraitinin tibbi təminatın yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilib. Dövlət başçısının humanizm siyasəti uğurla həyata keçirilərək möhtərəm Prezidentimizin ötən ildə imzaladığı sərəncamla 148 nəfər əfv olunub, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 may Respublika günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Həmçinin, cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılıb. Yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1.261 məhkum barədə məhkəmələrə təqdimat göndərilib, artıq onlardan 1.027-nə baxılaraq hamısı təmin edilib.

Ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilir, vətəndaş cəmiyyətinin nümayəndələri nazirliyin ayrı-ayrı istiqamətləri üzrə, o cümlədən penitensiar sahədə tədbirlərə cəlb olunurlar. Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri dövlətimizin humanizm siyasəti nəticəsində qəbul edilmiş əfv və amnistiya aktlarının icrasında, habelə məhkumların islah olunması prosesində yaxından iştirak ediblər.

İctimai Komitə üzvlərinin də iclaslarına fəal qatıldığı məhkumların cəzadan vaxtından əvvəl şərti azad edilməsi üzrə Xüsusi Komissiya səmərəli fəaliyyət göstərib, ötən dövrdə 6.500-ə yaxın məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib.

Kollegiyada həmçinin bildirilib ki, 2016-cı il nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, Çin, Qətər, Türkiyə və Vyetnam ilə ədliyyə sahəsində mühüm sənədlər imzalanıb, Rusiyanın ədliyyə naziri ölkəmizə, habelə nümayəndə heyətimiz Vyetnama səfər etməklə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, kollegiya iclasında bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi