Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qərəzdən narazıdır - AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qərəzdən narazıdır - AÇIQLAMA

Aktual

4 Fevral 2017, 11:09

Qızılağac Dövlət Təbiət Qoruğunda balıqların qanunsuz yollarla kütləvi şəkildə ovlanması ilə bağlı sosial şəbəkədə yerləşdirilmiş fotoşəkillər və məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.    

Nazirlikdən Modern.az-a bildirilib ki, araşdırma zamanı fotoşəkillərin Qızılağac Dövlət Təbiət Qoruğunun sərhədləri hüdudlarından 1,5-2 kilometr aralı məsafədə yerləşən Lənkəran rayonu Nərimanabad və Balıqçılar qəsəbələrini birləşdirən avtomobil yolunun sağ tərəfində Xəzər dənizinin sahilində, Dövlət Sərhəd Xidmətinin 14, 15, 16, 17 və 18 nömrəli yanalma körpüləri sahələrində 6 il əvvəl çəkildiyi müəyyən olunub.

“Fotoşəkillərdəki qayığın nömrəsindən şəkillərin bir neçə il əvvəl çəkilməsi aydın görünür. Çünki araşdırma zamanı müəyyən edilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2012-ci ildən etibarən qayıqlara üç-dörd rəqəmli yanalma nömrələri verilir. Fotoşəkildə isə qayıqda iki rəqəmli yanalma nömrəsi yazılıb.          
Araşdırma zamanı Nazirliyin mütəxəssisləri şəkillərdə içərisində ovlanmış siyənək balıqları olan “Kazanka” tipli BA53 yanalma nömrəli qayığın Lənkəran rayonu Balıqçılar qəsəbə sakini Məmmədov İlqar Nurəli oğluna məxsus olduğunu müəyyənləşdirib. İ.Məmmədov yazılı izahat verərək sözügedən şəkillərin 2010-cu ildə çəkildiyini, həmin vaxt “Lənkəran Balıq Kombinatı” ASC-nin briqada üzvü olaraq ASC-yə verilmiş 18.10.2010-cu il tarixli, 07/15 nömrəli balıqovlama bileti ilə qanuni əsaslarla açıq dənizdə balıq ovladığını, şəkillərin Qızılağac DTQ-da çəkilmədiyini qeyd edib. Həmçinin ona məxsus qayığın yanalma nömrəsinin 6 il əvvəl BA505 olaraq dəyişdirildiyini bildirib. 

Eyni zamanda, nazirliyin əməkdaşları tərəfindən 24-25 yanvar 2017-ci il tarixlərində, günün müxtəlif vaxtlarında Qızılağac Dövlət Təbiət Qoruğunun su akvatoriyasında reydlər keçirilib və bu müddətdə qanunsuz balıq ovlanması hallarına rast gəlinməsə də, ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Qeyri-obyektiv məlumatların, yeri, çəkilmə tarixi dəqiqləşdirilməyən fotoşəkillərin sosial şəbəkələrdə yayılmasını ETSN qərəzli və məqsədli hesab edir, bunu ictimai fikrin çaşdırılması və saxta yollarla ictimai rəğbət qazanmaq cəhdi kimi qiymətləndirir”.

 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi