Modern.az

Gürcüstanın azərbaycanlı deputatı: “Avropaya viza rejiminin ləğvini soydaşlarımız da bayram edir”

Gürcüstanın azərbaycanlı deputatı: “Avropaya viza rejiminin ləğvini soydaşlarımız da bayram edir”

4 Fevral 2017, 11:26

Avropa Parlamenti bir nüçə gün öncə Brüsseldə keçirilən iclasında Avropa İttifaqının (Aİ) Gürcüstan üçün viza rejiminin ("Şengen" vizası) ləğv olunmasına səs verib.

Gürcüstan parlamentində təmsil olunan Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı  Azər Süleymanov Gürcüstan vətəndaşlarının Avropanın Şengen ölkələrinə vizasız gedə bilmələrinə icazə verilməsi barədə Modern.az-a danışıb.

-Azər müəllim, artıq Gürcüstan vətəndaşları da Avropaya vizasız gedib-gələ biləcək. Bununla bağlı Avropa Parlamenti qərar qəbul edib. Viza rejiminin ləğv olunması Gürcüstan xalqı tərəfindən necə qarşılandı?

-Avropaya viza rejiminin ləğv edilməsi təkcə iqtidar və müxalifət üçün deyil, bütün gürcüstanlılar üçün bayramdır. Hər bir Gürcüstan vətəndaşı Avropaya rahat gedib-gələ biləcək. Viza məsələsinin hazırkı hakimiyyətin dövründə ləğv olunmasına gəlincə, onu deyə bilərəm ki, bununl bağlı danışıqların əsasını Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili qoyub. 2004-cü ildə Saakaşvili  Gürcüstan parlamentinin önündə Avropa Birliyinin bayrağını qaldıranda, Avropa Birliyinin himni çalınanda heç kim inanmırdı ki, gələcəkdə belə bir şey ola bilər. Həmin tədbirdə mən də iştirak etmişəm. Həmin günü çox yaxşı xatırlayıram.  Buna boş bir layihə kimi baxırdılar. 13 il keçsə də, Gürcüstan pillə-pillə çətinlikləri adladı. Avropa qarşısında üzərinə götürdüyü öhdəliklərin hamısını  yerinə yetirdi. Ola bilər ki, hansısa kiçik məsələlər qalıb. Onlar da həll ediləcək.

-Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Twitter səhifəsində gürcü rəsmilərinin Avropaya bir az da yaxınlaşmaya sevindiklərini qeyd edib. Məlum qələbədə hakim partiyanın rolu nədən ibarədir?

-Viza məsələsinin ləğv edilməsini indiki hakimiyyət öz üzərinə götürə bilməz. Bu məsələdə hər bir gürcüstanlının haqqı var. Hər birimiz Avropa üçün olduğumuz yerə qayıtdıq. Baxmayaraq ki, 70 il Sovet sistemində yaşamışıq, gürcüstanlılar hər zaman özünü avropalı kimi hiss edib. Gürcüstanda elə bir insan yoxdur ki, bunu sevinclə qarşılamasın. Yalnız düşmənlər buna qısqanclıqla yanaşa bilər.

-Avropa ilə viza rejiminin ləğv edilməsi Gürcüstanı Rusiyanın həmləsindən qurtara bilərmi?

-Rusiya bu məsələdə də gecikdi. Rusiya heç zaman ağlına da gətirməzdi ki,  Avropa Parlamenti gürcüstanlıların Avropaya getmək üçün viza rejimini ləğv edəcək. Eyni zamanda, Rusiya Avropanın  Gürcüstanı qəbul edəcəyinə də inanmırdı. Rusiyanın uzağı görməyən siyasəti onu göstərdi ki, rəsmi Kreml yalnız Rusiya çərçivəsində döyüşür. Halbuki, Gürcüstan vətəndaşları ən yaxın qonşusu olan Rusiyaya da vizasız gedib-gələ bilər. Amma Rusiya buna şərait yaratmır.
 

-Viza rejiminin ləğv olunmasının  münaqişə zonası olan Abxaziya və Cənubi Osetiyaya hər hansı faydası olacaqmı?

-Əlbəttə, viza rejiminin ləğvi yalnız Gürcüstanda yaşayan gürcülər üçün yox, Abxaziyada və Cənubi Osetiyada yaşayan vətəndaşlarımıza da aiddir. Rahat şəkildə Avropaya vizasız gedib-gələ biləcəklər. Həmçinin, biz azərbaycanlılar Gürcüstanın ağır günlərində gürcü xalqının yanında olmuşuq. Gürcüstanda yaşayan azərbaycanlılar demək olar ki, Gürcüstanın “qaymağıdırlar”. Biz hər bir gürcüstanlının uğuruna sevinirik. Heç zaman Gürcüstana problem yaratmamışıq.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir