Modern.az

Təhsil eksperti məktəblərdəki davamiyyətə görə rəhbərliyi SUÇLADI

Təhsil eksperti məktəblərdəki davamiyyətə görə rəhbərliyi SUÇLADI

Aktual

4 Fevral 2017, 15:53

Nə məsələdirsə, Azərbaycanda bir az qar yağıb yollar buz bağlayanda, orta məktəblərdə davamiyyət aşağı düşür. Adi təbiət hadisəsini dəhşətli hal kimi qiymətləndirən bəzi valideynlər uşaqların dərsə getməsini əngəlləyir. Maraqlıdır ki, heç bir fövqəladə hal baş verməsə belə, müəllimlər də 3-5 şagirdə dərs keçməməyi üstün tutur.

Bir sözlə, qar ciddi fəsadlar yaratmasa da, məktəb rəhbərliyi dərsləri boykot elan edir.

Niyə görə bu hallara ancaq ölkəmizdə rast gəlmək olur?

Təhsil eksperti Əjdər Ağayev Modern.az-a açıqlamasında mövzuya belə aydınlıq gətirib. O, bildirib ki, ölkədə qar və yağış yağan kimi davamiyyətin aşağı düşməsinin bir sıra səbəbləri var.

“Birinci səbəb  havanın necə olması ilə bağlıdır. Hava şəraitindən irəli gələrək, bəzi regionlara möhkəm qar yağdığı halda,  bəzi yerlərdə buna az rast gəlmək olur. Məsələn, paytaxt Bakını götürək. Paytaxtın Yasamal rayonuna güclü qar yağanda şəhərin mərkəzi küçələrində qar olmur. Sonuncu qar yağanda da eyni mənzərə yaranmışdı. Ona görə də hava şəraitinin hər yer üçün fərqli olmasının nəticəsində valideynlər uşaqlarını məktəbə buraxmadılar ki ,sürüşüb yıxılarlar. Necə ki, buraxanların uşaqları xəsarət almışdı.

İkinci səbəb isə bəzi valideynlərin ehtiyatı əldən verməməsi ilə bağlıdır. “Birdən uşaq məktəbə gedəndə sürüşüb yıxılar” və sairə. Bəzi məktəblər isə uşaqların sayının az olmasından sui-istifadə edib dərsləri təxirə salır. Bu günlərdə bunun şahidi oldum. Bir valideyndən uşağını nə üçün məktəbə göndərməməsinin səbəbini soruşanda dedi ki, hər sinifdən 5-6 uşaq gəlib deyə, məktəbdə dərs keçilməyib.  Deməli, məktəblər özü də bu məsələdə məsuliyyətsizliyə yol verir”.


Əjdər Ağayev, ötən illərin təhsil sisteminə nəzər salaraq deyib ki, 25-30 il bundan qabaq ekologiya bu şəkildə deyildi.

“İndi  ekologiya da güclü şəkildə dəyişikliyə uğrayıb. Yəni ölkədə qar yağırdısa, bu yağıntı hər bölgəyə  düşürdü. Soyuq hava kütlələri hər yerə paylanırdı. Belə olan halda,  ilk növbədə Təhsil və Səhiyyə nazirlikləri şagirdlərin  dərsə gedib-gələ bilməməsini yoxlamağa maraq göstərirdi. Əgər şaxta 3-4 gün çəkəcəksə, nazirlik əmr verərək, tətil elan edirdi. Buraxılmış günlər isə digər günlərlə əvəz olunurdu. Təhsil sistemində əsasən bütövlüyə can atılırdı. Daha doğrusu, Təhsil Nazirliyi bu prosesi tənzimləyirdi”.

Bugünkü təhsil sistemində adi təbiət hadisəsinə görə davamiyyət aşağı düşsə də, bu proses doğru tənzimlənmir. Ekspert, bu məsələyə də aydınlıq gətirib.

“Ona görə ki, bu gün təhsili idarə edənlərin böyük əksəriyyəti işini bilmir. Təhsil təcrübəsindən xəbərsizdir. Gənclər ingilis dilini və texnologiyanı çox yaxşı bilir. Amma mütəxəssis deyil. Mütəxəssis olmadığından da bu cür halları görə bilmirlər. İndikilərin  çoxu məktəb binasını içindəki avanlıqları görsə də, içindəki prosesi görə bilmir. Çünki görə bilmək qabiliyyəti yoxdur. Ona görə də belə yanlışlıqlar, mübahisəli vəziyyət yaşanır”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir