Modern.az

313 vəzifəli şəxsin korrupsiya cinayəti məhkəməyə göndərilib

313 vəzifəli şəxsin korrupsiya cinayəti məhkəməyə göndərilib

Aktual

4 Fevral 2017, 16:44

Fevralın 4-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər,  ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2016-cı ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.


Modern.az xəbər verir ki, Kollegiya iclasında Baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edib.


Z.Qaralov diqqətə çatdırıb ki, hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6 % (2015-ci ildə 95,5 %) təşkil edib.


2016-cı ildə qeydə alınmış ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, quldurluq, soyğunçuluq, odlu silahla törədilən, ictimai yerlərdə baş verən və sair cinayətlərin sayı 2015-ci illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.


Yol nəqliyyat hadisələri 9,6 %, qəzalarda ölənlərin sayı 15,1 %, yaralananların sayı isə 11,6 % azalıb.

İclasda qeyd edilib ki, qanunsuz fəaliyyət göstərən radikal dini ekstremist qüvvələrin, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə məhkəmələrə göndərilib.


Bildirlib ki, ötən il Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ümumilikdə 10.931 məhkum barəsində amnistiya aktı tətbiq edilib.


Qeyd edilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və sair faktlar üzrə 313 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, həmin işlər üzrə vurulmuş maddi ziyandan istintaq dövründə 33 milyon manatın ödənilməsi  təmin edilib, 78 milyon manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

 

Baş prokurorun müavini-Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Gəncə şəhər prokuroru Fazil Həsənəliyev və  Füzuli rayon prokuroru Ramazan Hadıyevin çıxışlarında 2016-cı il ərzində cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.


Kollegiya iclasına yekun vuran Baş prokuror əmin olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə  dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı