Modern.az

Borçalıların Gürcüstana qayıdışı sürətlənəcək...

Borçalıların Gürcüstana qayıdışı sürətlənəcək...

6 Fevral 2017, 11:24

Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Modern.az-a açıqlamasında viza rejiminin ləğvini gürcüstanlıların geri dönüşü üçün böyük addım adlandırıb:

“Gürcüstan ağıllı olaraq Saakaşvili dönəmində onun üçün problem yaradan Rusiyadan uzaqlaşmaq xəttini tutdu. Bilinirdi ki, Rusiyanın yanında durduqca, qapazı başında olacaq. Hansı ki, bu prosesi Azərbaycan da zaman-zaman yaşayır. Avropa Birliyinin ölkələri artıq Rusiyanın yanındadır. Bu isə Gürcüstanın xeyrinə olan bir məsələdir. Önəmli olan gözümüzün qarşısında, qulağımızın dibində demokratiyanın üstün dəyər olduğu öz təsdiqini  tapır. Təbii ki, soydaşlarımız istənilən zaman Avropa Birliyinə daxil olan ölkələri gəzə biləcəklər. Ən azından ticarət üçün, kommunikasiya imkanlarının artması, investisiya cəlb olunmasında bu əlaqələrdən geniş istifadə edə biləcəklər”.

 

Z.Məmmədli bildirib ki, bütün hallarda bu, soydaşlarımızın, bütövlükdə Gürcüstanın sosial rifahının və təhlükəsiz yaşamının təminatı olacaq:

 

“Bu o deməkdir ki, Gürcüstan artıq Avropa Birliyinə üzv olmaq iddiasındadır və buna haqqı da var. Təəssüflər olsun ki, Azərbaycan bazarı soydaşlarımızın üzünə bağlıdır. Sərhəddən tutmuş Azərbaycanın ixtiyarı bir yerinə qədər gürcüstanlıların başına olmazın oyunlar açılır. İşsizlikdən əziyyət çəkən gürcüstanlı soydaşlarımız Azərbaycanda qapıları bağlı görürlər. Məcbur olub MDB məkanına, Belarusa, Rusiya və Ukraynaya üz tuturlar. Gedənlərin əksəriyyəti orada qalır, geri dönmürlər.
Soydaşlarımız indiki zamanda Avropaya miqrasiya baxımından əlavə bazar qazanırlar. Miqrasiya etmək Azərbaycanda dəb olan vətəndaşlıqdan imtinaya yox, soydaş hüquqlarının təmini və Avropa dəyələrinin mənimsənilməsi baxımından azərbaycanlılara fayda verəcək”.

 

Z.Məmmədli eyni zamanda qeyd edib ki, viza rejiminin ləğv edilməsi Gürcüstanın cazibə qüvvəsini artırır:

 

“Burada təhlükəsizlik qarantı var. Artıq liberallaşma Gürcüstanda geniş vüsət alıb. Azərbaycanlı investorların çoxu Gürcüstana axışmağa başlayır. Burada yüz cür zillət çəkməkdənsə, o məkana üz tutmaq daha əlverişlidir. Bu proses getdikcə gürcüstünalıların geri qayıdışı üçün böyük motivasiya olacaq. Qəti şəkildə geridönüşü stimullaşadıracaq”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi