Modern.az

“Çingizin hərbi xidmətlə bağlı fikirləri fərqli idi” – TƏLƏBƏ YOLDAŞI

“Çingizin hərbi xidmətlə bağlı fikirləri fərqli idi” – TƏLƏBƏ YOLDAŞI

6 Fevral 2017, 11:32

2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilib.

Vida mərasimində müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, hərbi prokurur Xanlar Vəliyev də iştirak ediblər.

Xatırladaq ki, Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

 

Modern.az saytı şəhid Çingiz Qurbanovun məzun olduğu universitetin nümayəndəsi və tələbə yoldaşları ilə əlaqə saxlayıb.

 

Azərbaycan Texniki Universitetinin Xüsusi Texnika və Texnologiya fakultəsinin dekanı Ramiz Hüseynov saytımıza açıqlamasında hal-hazırda mərasim yerində olduqlarını deyib.

 

“Vida mərasimi bitdi. Burdan da şəhid Çingiz Qurbanovun doğulduğu Qusar rayonuna gedəcəyik. Şəhidimizi dəfn edəcəyik. Çingizin tələbə yoldaşları da burdadır. Çoxu işə getməyərək mərasimə qatılıb”.

Şəhid Çingiz Qurbanovun tələbə yoldaşı, əsgər Ağalıyev Əlikram da Çingizlə bağlı Modern.az saytına danışıb.

 

“Çingiz Qurbanovla eyni qrupda oxumuşuq. Biz universiteti bitirib ayrı-ayrı yerlərdə xidmət etməyə başlamışıq. Mən də cəbhə bölgəsində hərbi xidmətdəyəm. Hal-hazırda məzuniyyətə gəlmişəm. Çingiz çox fədakar oğlan idi. Hərbi xidmətə yollanmamışdan öncə, diplom işinə birgə hazırlaşmışıq. Universiteti bitirəndən bir neçə gün sonra hərbi xidmətə yollanmışıq.

Çingizin hərbi xidmətlə bağlı fikirləri fərqli idi. Vətənpərvərlik hissi güclü idi. Hərbi xidməti kişilik məktəbi hesab edirdi. Elə uşaqlar var ki, əsgər getməyə çəkinirdi. Amma Çingiz çəkinmirdi. Hələ tələbə olanda hərbi xidmətə yollanmaq barədə danışırdı. Biz magistraturaya hazırlaşanda Çingiz hazırlaşmırdı. Düşünürdü ki, hərbi xidməti başa vurub gələndən sonra magistratura təhsilini davam etdirər”.

Tələbə yoldaşı Çingizin şəhid olduğunu məzuniyyətə gələndə eşitdiyini deyir.

 

“İkimiz də hərbim xidmətə yollanandan sonra bir-birimizlə əlaqə saxlamaq imkanımız olmamışdı. Çingizin şəhid olması barədə xəbəri məzuniyyətə gələndən sonra  öyrəndim. Bizdə şəhid olanlar barədə məlumat verilmir deyə xəbərim yox idi. Məzuniyyətə gələn kimi öncə sosial şəbəkədən xəbər tutdum. Şəklini görəndə inanmadım. Dərhal digər qrup yoldaşlarımla əlaqə saxladım və təəssüf ki, xəbər doğru idi. Çox pis oldum”.

 

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır