Gəncədə çörəkbişirmə sexlərində reydlər keçirilir. Aparılan reydlərə və maarifləndirici tədbirlərə baxmayaraq Gəncənin əksər çörək sexləri hələ də standartın tələb və normalarına cavab vermədən fəaliyyətlərini davam etdirir. Bunu Standartlaşdırma Metrologiya və Patenet üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Nəzarəti idarəsinin apardığı yoxlamaların nəticələri də təsdiqləyir. Komitə əməkdaşlarının Gəncədə apardıqları reydlər zamanı sexlərdə yenə də bir çox neqativ hallar aşkarlanıb. Modern.az-ın məlumatına görə, yoxlamalar zamanı əksər çörək sexlərində unun saxlanılması, xəmirin yoğrulması və bişirilməsi standartın heç bir tələb və normalarına cavab verməyib. Bununla yanaşı, bir çox istehsal müəssiələrində istismar müddəti ötmüş avadanlıqlara, çörək bişirən peçlərə, tərəzilərə və kustar üsulla hazırlanan təndirlərə də rast gəlinir ki, bu da məhsulun keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.
Yoxlamalarda həmçinin işçilər tərəfindən sanitar gigiyenik normaların tələblərinə də əməl olunmaması ortaya çıxıb. Bütün bunlarla yanaşı, yoxlamalar zamanı çörəyin daşınması da nəzərdən qaçmayıb.
2 saylı Ərazi Nəzarəti İdarəsinin sektor müdiri Fuad Nağıyevin bildirdiyinə görə, çörəyin daşınması zamanı nizamnamədə xüsusi avtomobillər nəzərdə tutulduğu halda, əksər sahibkarlar buna məhəl qoymur.
Xaliq Qurbanov
Gəncə