AZAL şirkəti təmsilçisinin Ermənistandan Xankəndinə uçacaq təyyarələrin vurula biləcəyi barədə açıqlaması Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) etirazına səbəb olub. BAXCP hesab edir ki, bu açıqlamadan sonra ayrı-ayrı xarici qüvvələr Azərbaycana qarşı məqsədyönlü kampaniya aparır və qurum bunu narahatlıqla qarşılayıb. Partiya yaranmış vəziyyətlə bağlı bəyanat qəbul edib.
Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:
"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) bəzi xarici dairələrin AZAL şirkətinin nümayəndəsinin guya Ermənistandan Xankəndinə uçacaq mülki təyyarələrin vurulacağı barədə məsuliyyətsiz açıqlamasından istifadə edərək, Azərbaycana qarşı apardığı kampaniyanı qətiyyətlə pisləyir. AZAL şirkətinin təmsilçisinin açıqlamasının heç bir halda Azərbaycanın rəsmi mövqeyi sayılmadığını önə çəkən BAXCP hesab edir ki, Azərbaycanda kimin hakimiyyətdə olmasından və torpaqlarımızın 20 faizinin işğal altında qalmasına baxmayaraq, dinc insanlar heç vaxt hədəf seçilməyib. Azərbaycanın icazəsi olmadan ölkənin hava məkanını pozan təyyarələr məcburi qaydada Azərbaycanın nəzarətində olan digər hava limanlarına endirilməlidir. Belə fəaliyyət isə beynəlxalq qanunvericiliyə tamamilə uyğundur. BAXCP iqtidarı məsələyə aydınlıq gətirməyə, AZAL-ın nümayəndəsini isə başa düşdüyü və səlahiyyətinə aid məsələlər barədə danışmağa çağırır".