Prezident İlham Əliyev martın 30-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olub.
İlham Əliyev muzey üçün inşa edilən yeni binada həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olmaq üçün Dənizkənarı Milli Parka gəlib.
Təməli 2008-ci ilin mayında qoyulan muzeyin yeni binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun birgə layihəsi əsasında inşa edilir. Muzey binasının layihəsi hazırlanarkən ilk növbədə milli memarlıq ənənələrinə daha çox üstünlük verilib. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev layihənin icrası ilə bağlı həyata keçirilən inşaat işlərinin gedişi barədə dövlət başçısına məlumat verib.
Qeyd edək ki, xalça muzeyinin yeni binası dördmərtəbədən ibarət olacaq və ümumi sahəsi 18 min 446 kvadratmetri əhatə edəcək. Binanın birinci mərtəbəsində muzey qonaqları üçün xüsusi yerlər, inzibati və elmi zona, eksponatlar üçün xüsusi yerlər, ikinci mərtəbədə kitabxana, elmi xalçaçılıq toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları təşkil olunub. Dördüncü mərtəbədə isə sərgi salonları və görüş otaqları yerləşəcək. Binanın zirzəmisində ən müasir avadanlıqlarla təchiz olunmuş arxiv, anbar, laboratoriya, bərpa və konservləşdirmə şöbələri olacaq. Burada həmçinin, açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulub. Muzeyin foyesində cavahirat və qiymətli bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar olacaq.
Layihədə binanın uzunluğu 121,25 metr, eni 22,3 metr, hündürlüyü 18,5 metr nəzərdə tutulub. Muzeyin yeni binasının orijinal memarlıq üslubu ilə seçiləcəyi qeyd olunub. Binanın ətrafında yaşıllaşdırma işlərinin aparılacağı, muzey kompleksinin yaradılacağı bildirilib. Muzeyin yeni binası istifadəyə verildikdən sonra burada 200 nəfərin çalışacağı qeyd olunub. Yeni bina istifadəyə verildikdən sonra Bakının memarlıq ansamblına xüsusi gözəllik gətirəcək. Görülən işlərlə yaxından tanış olan dövlət başçısı inşaat işləri gedişi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Prezident İlham Əliyev “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işlərinin gedişi ilə də tanış olub. Dövlət başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarının səmərəli keçirmələri üçün əvvəlki xidmət növləri saxlanılmaqla burada ən müasir əyləncə və yeni xidmət növlərinin yaradılması ilə bağlı tapşırıqlarını verib.
Modern.az