Modern.az

Nazirlik “Fukuşima-1” AES-in Azərbaycana təsiri barədə məlumat yaydı

Nazirlik “Fukuşima-1” AES-in Azərbaycana təsiri barədə məlumat yaydı

Təhsil

31 Mart 2011, 10:42

 Respublika ərazisində ölkənin radioaktivlik təhlükəsizliyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinqlər aparılır.

Məlumatı Modern.az saytına nazirliyin mətbuat xidməti verib. Məlumatda qeyd edilir ki, təhlil olunaraq alınmış nəticələr əsasında hazırlanmış bülletenlər aidiyyəti dövlət icra orqanlarına göndərilir.
Beləlilə, 25-30 mart 2011-ci il tarixlərində Respublika ərazisində Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən aparılmış növbəti monitorinqlərin nəticələrinə görə günəş şüalarının fəallığından və dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq gündəlik təbii radiasiya fonu mövsümə uyğun olmuş, atmosfer aerozollarının ümumi β-radioaktivliyi üzrə aparılan analizlərin təhlili isə sutkalıq normanı keçməyib.
Qeyd edək ki, ölkə ərazisində təbii mühitin radiasiya şəraitinə 2 göstərici üzrə nəzarət olunur:
Atmosfer aerozollarının ümumi β-radioaktivliyi üzrə 11 məntəqədə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Zaqatala, Şəki, Quba, Naxçıvan, Ağstafa, Ağcabədi və Neft daşları);
Təbii radiasiya fonu üzrə 42 müşahidə məntəqəsində (respublikanın digər rayonlarında) və Respublikanın 6 sərhəd bölgəsində (nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək, Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında) quraşdırılmış avtomatlaşdırılmış monitorinq sistemləri vasitəsilə.

Gün ərzində 3 dəfə aparılmış ölçmə məlumatlarının təhlili göstərir ki, Bakı-Abşeron zonasında gündəlik radiasiya fonu yaz mövsümünə xarakterik olaraq 7-12 mkR/saat (təbii fon 7-14 mkR/saat) arasında dəyişmişdir. Naxçıvan MR-ın ərazisində gündəlik radiasiya fonunun göstəriciləri 11-15 mkR/saat (təbii fon 12-15 mkR/saat), Daşkəsən-Gədəbəy zonasında 6-12 mkR/saat (təbii fon 7-12 mkR/ saat), Gəncə-Qazax zonasında 8-13 mkR/saat arasında (təbii fon 7-13 mkR/saat), Zaqatala-Şəki, Şamaxı-Quba zonalarında 8-17 mkR/saat (təbii fon 15-26 mkR/saat), Mərkəzi Aran rayonlarında 6-17 mkR/saat (təbii fon 6-13 mkR/saat), Lənkəran–Astara zonasında 6-15 mkR/saat (təbii fon 9-16 mkR/saat) təşkil edib.
Azərbaycanda atmosfer havasının radiasiya fonunun norma daxilində olması onu göstərir ki, Yaponiyada baş vermiş qəza nəticəsində radiasiya fonunun yüksəlməsi Azərbaycana təsir etməyib.

Bir sıra mütəxəssislərin fikirlərinə görə Yaponiyanın “Fukuşima-1” Atom Elektrik Stansiyasından sızma nəticəsində yaranan radioaktiv buludlar artıq Avropaya çatsa da bu insan sağlamlığına zərər verməyəcək. Çünki bu, ölkələrin üzərindəki atmosferə cüzi miqdarda təsir edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin fikirlərinə görə bu qazların Azərbaycan ərazisinə daxil olma ehtimalı yoxdur, Azərbaycanda radiasiya təsiri və təhlükəsi gözlənilmir. Buna səbəb küləyin əks, yəni Amerika qitəsi istiqamətinə əsməsidir. Fərqli vəziyyətin yaranacağı təqdirdə belə, buludlar Tayqa meşələri və okeanın üzərindən keçərkən öz radioaktivlik təhlükəsini itirir. Belə ki, atmosfer havasında olan ağır izotoplar okean və torpaq üzərinə çökür və onların ətraf mühitdə parçalanma müddəti radionuklidlərdən fərqli olaraq qısa müddətlidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?