Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin keçmiş sədri İbrahim Bürhanov bir neçə gün öncə qurumun sədri vəzifəsindən uzaqlaşdırılan Şəmsəddin Sərvərovun ittihamlarını cavablandırıb. Qeyd edək ki, Ş. Sərvərov bu günlərdə keçirlən qurultayın hüquqi əsasının olmadığını deyərək yeni sədrin seçilməsini qeyri –qanuni adlandırmışdı.
"Vətən" Cəmiyyətinin keçmiş sədri İbrahim Burhanov Şəmsəddin Sərvərovun qanunsuz hesab etdiyi ahıska türklərinin 7-ci qürultayının ikinci iclası haqqında Modern.az-a danışıb. Onun sözlərinə görə, bu yığıncağın qeyri-qanuni adlandırılmasının özü qeyri qanunidir. "“Vətən" cəmiyyətinə yeni sədr secilən Fərzi Əşrəfov 99% səs çoxluğu ilə qalib gəlib. Şəmsəddin Sərvərovun bu cəmiyyətə aidiyyatı yoxdur. Amma Fərzi bəy 1971-ci ildən burada çalışır. Kifayət qədər təcrübəli insandır”.
İ.Burhanovun sözlərinə görə, seçkilər respublika qanunvericiliyinə uyğun keçirilib.
Keçmiş sədr eyni zamanda "Vətən" cəmiyyətinin adının dəyişdirildiyini də qeyd edib. "“Vətən" Cəmiyyəti bundan sonra ictimai birlik kimi fəaliyyət göstərəcək. Yəqin ki, günü sabahdan Ədliyyə Nazirliyində bu məsələ təsdiqlənəcək”-deyə o,əlavə edib.
Sədaqət SÜLEYMANOVA