Modern.az

YAP-çı deputat müxalifətin keçirəcəyi mitinqdən danışdı

YAP-çı deputat müxalifətin keçirəcəyi mitinqdən danışdı

Təhsil

31 Mart 2011, 12:55

“Bütün hüquqi dövlətlərdə kütləvi aksiyaların keçirilməsi üçün müvafiq qaydalar var. Orada bu aksiyaların proseduru və keçirilməsi üçün yerlər müəyyənləşdirilir. Azərbaycanda da kütləvi aksiyalar üçün yerlər ayrılıb və kiminsə özünün istədiyi yerdə mitinq keçirmək istəməsini bəyan etməsi heç də qanuni məsələ deyil”.
Bunu Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə müxalifətin aprelin 2-də keçirməyi nəzərdə tutduğu mitinqə münasibət bildirərkən deyib.

Qeyd edək ki, İctimai Palata icazə veriləcyi halda 2 aprel mitinqinin “Nərimanov” kinoteatrı qarşısında, icazə verilməyəcəyi halda Fəvvarələr meydanında keçiriləcəyini bəyan edib.

A.Mirzəzadə bildirib ki, Avropanın heç bir ölkəsində hansısa bir müxalif  təşkilat istədiyi yerdə mitinq keçirə bilməz:
“Digər tərəfdən, bu gün kütləvi informasiya vasitələri o qədər geniş inkişaf edib ki, hətta paytaxtdan kifayət qədər uzaq bir yerdə aksiya keçirilərsə, televiziya, internet, qəzet, radio və digər media quruluşlarının köməyilə cəmiyyət onun barəsində məlumatlı olacaq”.

Millət vəkili hesab edir ki, müxalifətin icazə verilməyən yerdə mitinq keçirmək istəyi, sadəcə, diqqəti özünə cəlb etməkdən ötrüdür: “Çünki müxalifət heç bir proqramı, heç bir təklifi, heç bir konstruktiv addımı ilə cəmiyyətin diqqət mərkəzində ola, cəmiyyətin müzakirəsinə hər hansı bir məsələ verə bilmir. Müxalifətin, konkret olaraq, İctimai Palatanın mitinq keçirmək istəyinə və cəhdinə gəlincə, burada çox komik bir situasiya yaranır. Hakimiyyətə iddia edən təşkilatlar kütləvi aksiyalara 100 nəfərdən artıq adam çıxara bilmirlər. 100 nəfər heç balaca bir özəl şirkətin  kollektivi demək deyil.  100 nəfər heç hansısa azsaylı bir universitetin bir kursunun tələbələri deyil. Yəni, bunun özü göstərir ki, bu gün müxalifət, konkret desək, İctimai Palata irəli sürdüyü şüarlarla cəmiyyəti özünə cəlb edə bilmir. Mart ayının əvvəllərində müxalifətin keçirmək istədiyi aksiyalarda diqqətimi çəkən məqamlardan biri həmin aksiyalara o düşərgənin rəhbər şəxslərinin gəlməməsidir. Bu ona bənzəyir ki, öz qoşununu döyüşə göndərən general döyüş meydanında yoxdur və onun harada nə ilə məşğul olması da aydın deyil. Yəni siyasi təşkilat üçün qeyri-ciddi bir situasiya yaranır. Ancaq necə deyərlər, siyasətdə hər kəs öz imicini və yolunu özü seçir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?