Modern.az

Leyla Əliyeva: "İşimizi Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər davam etdirəcəyik"

Leyla Əliyeva: "İşimizi Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər davam etdirəcəyik"

1 Aprel 2011, 10:18

Heydər Əliyev Fondunun vitse-prezidenti “biz eşitmək və eşidilmək istəyirik” çağırışı etdi

“Mən istəyirəm ki, Rusiyadakı Azərbaycan gəncləri öz soy-kökünü unutmasınlar, öz doğma diyarını sevsinlər və Vətənə faydalı olmağa çalışsınlar. İstəyirəm ki, gənclər Azərbaycan mədəniyyətini irəli aparsın və populyarlaşdırsın. İnanın ki, bizim fəxr etməyə, dünyaya göstərməyə layiq dəyərlərimiz çoxdur”. 
Bu sözləri "Naşa molodyoj" ümumrusiya gənclər jurnalına müsahibəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva deyib. Rusiyada çox populyar olan bu jurnalın üz qabığında Leyla xanım Əliyevanın fotoşəkli verilib.

L. Əliyevanın sözlərinə görə, rəhbəri olduğu RAGT Rusiyadakı həmvətənlərimizə burada özlərini tənha hiss etməməkdə kömək edir və inteqrasiya prosesini həyata keçirir.

“Əminəm ki, burada böyük problem yaranmamalıdır. Nə üçün buna əmin olduğumu izah edim: Azərbaycanı sovet dövründə də SSRİ-də ən beynəlmiləlçi respublika adlandırırdılar. Burada müxtəlif millətlərin və xalqların nümayəndələri dinc və mehriban yaşayırdı. Onlardan heç biri özünü yad hiss etmirdi. Belə vəziyyət yalnız bu torpağın yerli xalqı olan azərbaycanlılara xas təbii tolerantlıq sayəsində mümkün idi. Buna görə də əminəm ki, öz qonşularının mədəniyyətinə və adətlərinə hörmət ənənələri əsasında tərbiyə olunmuş Azərbaycan gəncləri Rusiyada öz yerini asanlıqla tapa biləcək”-deyə L.Əliyeva vurğulayıb.  

Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyanı çox vacib saydığını deyən L. Əliyeva qeyd edib ki, keçən il bu kampaniya çərçivəsində 1992-ci ilin fevral hadisələri haqqında məlumatı bütün qitələrin sakinlərinə çatdırmaq üçün 70-dən çox aksiya keçirilib.
“Məqsədimiz Azərbaycanın bu yerlə-yeksan edilmiş Xocalı şəhəri haqqında həqiqəti bütün dünyaya bildirməkdir. Xocalı - Azərbaycanın ağrılı yeridir və RAGT bu barədə sadəcə olaraq susa bilməzdi. Biz istəyirik ki, dünya birliyi bu faciədən, eləcə də Ermənistan-Azərbaycan münaqişəsindən xəbərdar olsun. Biz bu istiqamətdə işimizi gələcəkdə də, münaqişə ədalətlə həll edilənə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər davam etdirəcəyik”-deyə L.Əliyeva vurğulayıb.

RAGT-ın sədri qeyd edib ki, təşkilathumanitar və sosial sahələrdə də çox iş görüb, ehtiyacı olanların hamısına konkret yardım edilib, o cümlədən uşaq evlərində və xəstəxanalarda olan balacalara böyük qayğı göstərilib.

“Bu gün biz öz vətənimizi Rusiyada təmsil edirik. Bizim ölkələrimizi bağlayan cəhətlər çoxdur - tarixi və mədəni köklər, ortaq keçmişimiz. Azərbaycanda zəngin rus mədəniyyətinə, böyük rus dilinə qayğı ilə yanaşırlar. Qeyd etmək lazımdır ki, müstəqillik dövründə Azərbaycanda heç bir rus məktəbi bağlanmayıb, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir, başlıcası isə bizim insanlar arasında, xalqlarımız arasında dostluq münasibətləri mövcuddur. Biz burada özümüzü rahat hiss etməyimizə və dünyada ən yaxşı təhsillərdən birini almağımıza görə Rusiyaya minnətdarıq. Biz, Azərbaycanın gənc nəsli dünyaya geniş nəzərlərlə baxmaq və həmişə öz Vətənimizi yadda saxlamaq, köklərimizi və ənənələrimizi sevmək və qorumaq istəyirik, biz eşitmək və eşidilmək istəyirik. RAGT-də milliyyətindən, yaşından, dini əqidəsindən və digər fərqli cəhətlərdən asılı olmayaraq, hər kəs üçün yer vardır. Qarşıda hələ görülməli işimiz çoxdur, bizim ümumi uğurumuz bu işlərin gerçəkləşməsindən asılıdır”-deyə Leyla Əliyeva bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?