Modern.az

“Dövlətqaçqınkom” Prezident fərmanını şərh etdi: Kimlərin müavinəti 36 manatdan 20-yə endirilib...

“Dövlətqaçqınkom” Prezident fərmanını şərh etdi: Kimlərin müavinəti 36 manatdan 20-yə endirilib...

17 Fevral 2017, 12:21

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin  müəyyən edilməsi  haqqında”  Azərbaycan  Prezidentinin  2017-ci  il   23 ­yanvar  tarixli 1206  nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə  ölkə başçısının  2017-ci  il 14 fevral tarixli 1243 nömrəli Fərmanını şərh edib.

“Dövlətqaçqınkom”un mətbuat xidməti bununla bağlı Modern.az-a verdiyi açıqlamada bildirib:


“Qeyd etmək istəyirik ki, yuxarıda qeyd edilən Fərmanda müəyyən dəyişiklik edilməsi aidiyyəti dövlət qurumlarına əvvəlcədən məlum idi və bu barədə ölkə Prezidenti məlumatlandırılmışdı. Məlum idi ki, təbii qazla təmin olunmayan yataqxanalar, tikintisi yarımşıq qalmış binalar, pansionatlar və digər obyektlərdə sayğacların quraşdırılması texniki və istismar baxımından mümkün deyildir. Buna görə də ölkə Prezidenti tərəfindən hələ keçən ilin dekabr ayında “Dövlətqaçqınkom”a, kommunal xidmət təşkilatlarına, yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinə tapşırıq verilmişdi ki, belə obyektlərdə 2017-ci ilin yanvar ayı ərzində məcburi köçkünlərin adambaşına elektrik sərfiyyatı üzrə monitorinq aparılsın.    


Bununla əlaqədar olaraq “Dövlətqaçqınkom”, kommunal xidmət təşkilatları və aidiyyəti icra hakimiyyətləri ilə birlikdə monitorinq aparıldı və təbii qazla təmin olunmayan obyektlərdə adambaşına 1 ay ərzində istifadə olunan elektrik enerjisinin hazırki dövr üçün real sərfiyyatı  müəyyənləşdirildi. Həmin monitorinqin nəticələri barədə ölkə Prezidenti cənab İlham Əliyevə məlumat verildi.


14 fevral 2017-ci il tarixdə imzalanan Fərmanın 1.1-ci bəndində fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümükün olmayan sıx, kompakt  müvəqqəti məskunlaşma yerlərində ( yataqxana, pansionat və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar 1 yanvar 2017-ci il tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində  dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatlarına ödəniləcək.

Bunun üçün  yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri, kommunal xidmət təşkilatları göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarını təcili olaraq “Dövlətqaçqınkom”a təqdim etməlidirlər.


Fərmanın 1.2-ci bəndinə uyğun olaraq fərdi qaydada təbii qazla təmin olunmayan  sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində   məcburi köçkünlər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə,  su ilə bağlı ödənişlər isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə  ödəniləcək.

Həmin məcburi köçkün ailələrinin sayı barədə məlumatlar aidiyyəti qurumlar tərəfindən Komitəyə artıq təqdim olunubdur. Lakin yerli və əraziləri işğal olunmuş icra hakimiyyətləri, kommunal xidmət təşkilatları Komitənin yerli nümayəndələri ilə birlikdə təcili olaraq həmin obyektlərdə faktiki məskunlaşan məcburi köçkünlərin adlı siyahılarını “Dövlətqaçqınkom”a təqdim etməlidirlər.


Fərmanın 2.1-ci bəndində  Nazirlər Kabinetinə fərdi qaydada təbii qazla təmin olunmayan  sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limitin 3 gün ərzində müəyyən edilməsi tapşırılıb.

Əlavə olaraq bildiririk ki, həm fərdi qaydada sayğaclar quraşdırılması mümkün olmayan, həm də təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkünlərə ayda 20 manat həcmində müavinət ödəniləcək. Əraziləri işğal olunmuş rayonların təqdim etdikləri siyahı əsasında həmin müavinətlər əvvəlki qaydada əraziləri işğal olunmuş rayonların hesabına köçürüləcək və məcburi köçkünlərin plastik kartlarına ödəniləcək.


Təbii qazla təmin olunmayan yerlər qazlaşdırıldıqdan, qəzalı binalar köçürüldükdən və sayğaclaşma mümükün olan yerdə quraşdırıldıqdan sonra o obyektlərdə yaşayan və ya köçürülən məcburi köçkünlər yenidən vahid müavinətlə təmin olunacaqlar.

 Bir daha bildiririk ki, kommunal xidmətlərlə bağlı nəzərdə tutulan vəsaitlər mərkəzləşmiş qaydada Maliyə Nazirliyi tərəfindən xəzinədarlıq vasitəsilə kommunal xidmət təşkilatlarına ödəniləcək  və bu işlərdə şəffaflıq tam təmin olunacaq”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər