Modern.az

Xocalı 1992-ci ilin 17 fevralında: “Qarşıdakı dəhşətləri ağlımıza gətirmirdik” - Şahid DANIŞIR

Xocalı 1992-ci ilin 17 fevralında: “Qarşıdakı dəhşətləri ağlımıza gətirmirdik” - Şahid DANIŞIR

Hadisə

17 Fevral 2017, 14:26

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

 

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün  insanları olaraq,  1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

 

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 

Modern.az
 saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.

1992-ci il fevralın 17-si...

 

Xocalı sakini Sevda Kərimova 25 il bundan  əvvəlin17 fevralını belə xatırlayır:  


Qardaşım hələ də girovluqdadır
 

- 1992-ci ilin fevralında Xocalıda vəziyyət çox gərgin idi. Üstündən 25 il ötməsinə baxmayaraq,  hər ilin fevral ayı gələndə, elə bilirik ki, Xocalı soyqırımı indi baş verib. Bu elə bir faciədir ki, ömür boyu yaddaşımızdan silniməyəcək. Həm də qəlbimizə vurulan sağalmaz yaradır.

1992-ci ilin fevralında 2 qardaş, ana, ata itirmişəm. Bir qardaşım hələ də itkindir. Heç bir xəbər yoxdur. Girov düşən qardaşım polis idi. 1992-ci ilin 25 fevralında hamımız Ağdama gəldik. Ev üzü görmürdük. Qarajlarda, torpağın üstündə, heyvan damında yatırdıq. İşıq yox idi. Gecə ilə gündüzü səhv salırdıq. Heç nə yox idi.
                                                   

Anam jaket toxuyarkən güllə yarası aldı
 

Sevda Kərimova 1992-ci ilin fevralını xatırlayarkən, qəhər onu boğur.

- Atam 1941-45-ci ildə müharibədə iştirak edib. Müharibə veteranı olub. Həmişə atamdan müharibənin necə bir hadisə olmasını soruşurduq. Bilmirdik ki, bir gün gələcək biz özümüz müharibə, vandallıq qurbanı olacağıq.

1991-ci ilin dekabr ayı idi. Qəfildən ermənilər evlərimizi atəşə tutmağa başladılar. Yadımdadır ki, həmin vaxt güllə gəlib anamın qolunu parçaladı. O zaman anam da divanda oturub jaket toxuyurdu.  Xocalıda Məmməd həkim vardı. Anamın qolunu o sağaltdı.

Ermənilər bizi atəşə tutan kimi gedib qardaşımın qaynının qarajında otururduq. Fevralın 25-i axşam düşəndə yenə gedib oturduq orda. Bir də gördük ki, hər tərəfi alov bürüyüb. Çıxıb gördük ki, hamı qaçır. Nə ana balaya baxır, nə ata oğulu axtarırdı. Hərə ağlaya-ağlaya ora-bura qaçırdı. Amma atam yerindən tərpənmək istəmədi. Dedi ki, evimi qoruyacam. Az keçməmiş atam sürünə-sürünə gəldi və “məni kürəyimdən vurdular” deyib yerə yıxıldı.

 
1992-ci ilin fevralı Xocalıda toy olmadı
 

Müsahibimiz deyir ki, 1992-ci ilin fevralında heç bir evdən gülüş, şadyanalıq səsi eşidilməyib.

- 1992-ci ilin fevralında heç bir evdən toy səsi eşidilməyib. Toy etmək havasında deyildik. Güllə- boranla üz-üzə qalmışdıq. O qədər nişanlı gənclərimiz vardı ki, fevral ayı hamı kimi onlar üçün də qara gəlmişdi. Elə nişanlılar vardı ki, Xocalı soyqırımında şəhid oldular.

İndi də fevral ayında toy, nişan edənləri qəbul etmirəm. Fevralda çağrılan toya da getmirəm. Kimsə edəndə deyirəm ki, fevral ayında insan toymu edər?! Bu ayda edilən toyda adamın ürəyimi açılar?!

Xocalı o qədər gözəl şəhər idi ki! Heç birimiz Xocalının işğal olunacağını ağlımıza da gətirmirdik. Atamdan soruşurdum ki, “ay papa, sən müharibə görmüş adamsan. Ola bilərmi ki, Xocalını əlimizdən alsınlar?!”. O  da belə bir şeyin həyatı boyu olmayacağını deyirdi.
 

Əynimiz, başımız cırıq-cırıq olmuşdu
 

Xocalı sakini deyir ki, 1992-ci ilin fevralında nələr yaşamayıblar ki...

- Fevralın 25-i gecəsi Xocalıya bir qar yağmışdı ki, sözlə təsvir ediləsi deyil. Bayırda güclü şaxta vardı. Naxçıvanik istiqamətində ermənilər yolumuzu kəsdi. Yaşlılar üçün çətin idi. Yolun yarısında ayağımızdakı ayaqqabı çıxdı. (O gecə hərənin ayağında bir qaloş vardı) Həmin vaxt qardaşım dedi: "Sevda, sən qaç, yoxsa ermənilər səni girov götürəcəklər. Qaçmasan, səni özüm öldürəcəm”.

Qardaşım elə bilirdi ki, ermənilər onu öldürməyəcək. Sağ qalacaq. Amma əksinə oldu. Ermənilər qardaşımı meşədə öldürdülər. Hətta, ağzında qızıl dişi vardı. Öldürəndən sonra qızıl dişini də ağzından çıxartmışdılar. O vaxtlar qızıl diş qoymaq dəb idi. Sonra atamgildən ayrılıb başqa dəstəyə qoşulanda 10-15 nəfər bizi çağırmağa başladı. Orada çoxlu böyürtkən kolları vardı. Dərhal həmin kolların dibinə sığındıq. Əynimiz, başımız cırıq-cırıq olmuşdu. Qar da dizdən idi. Bizim Balakişi adlı bələdçimiz dedi ki, çağıranlar bizi aldadır. Onlar ermənidirlər. Biz erməni dilini bilirdik. İndi yadımdan çıxıb. Kolun içində oturanda bir də baxdıq ki, ermənilər öz əsgərlərinə tərəf qaçdılar. Bir onu eşitdim ki, “Türklər gəldi. Qaçın!” deyildi...

Gələnlər də OMON-çular idi. Bakıdan bizi aparmağa gəlmişdilər. 50-yə yaxın OMON-çu idi. OMON-çulardan biri “Azərbaycan xalqının övladları! Qorxmayın! Çıxın!” deyəndə biz dərhal kolların arasından çıxdıq.

Bir hadisə də gözümün önündən getmir. Biz kolların arasında gizlənəndə gördüm ki, qardaşımın qızını və yoldaşını ermənilər tutub aparırlar. Amma heç nə edə bilmirdim. 

Deputat Elman Məmmədovun Gülzar adlı xalası vardı. Baxdım ki, Gülzar xalanın qucağında iki cüt ayaqqabı var. Gülzar xaladan ayaqqabını əlində nə üçün saxladığını soruşanda dedi ki, Qulunu (oğlu) meşədə öldürdülər. Onun ayaqqabılarıdır.

Ayağım yalın idi. Gülzar xala bir ora, bir bura baxdı, sonra oğlunun yadigarı kimi qucaqladığı ayaqqabını mənə verdi. Baxın, görün, insan özünü necə itirmişdi ki, özündən ixtiyarsız ayaqqabıları da qucağına almışdı...

1992-ci ilin 17 fevralını soruşursunuz. Hər şey yadımdadı. Yaşayışımız çətin idi, bir Allah ümidinə qalmışdıq. Amma bizə qarşı törədiləcək dəhşətləri ağlımıza gətirmirdik. Ötüb keçər, düşünürdük. Ona görə dözürdük hər məşəqqətə.  


Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər