Modern.az

Dövlət Neft Şirkətinin yeni vitse-prezidenti toplantı keçirib

Dövlət Neft Şirkətinin yeni vitse-prezidenti toplantı keçirib

1 Aprel 2011, 20:15

Aprelin 1-də ARDNŞ-nin Baş ofisində 2010-cu il ərzində İstehsalat Birliklərində, idarə və müəssisələrdə həyata keçirilmiş ekoloji layihələrlə əlaqədar yığıncaq keçirilib. Şirkətin Ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə iclası giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar ARDNŞ-nin idarə və müəssisələrində ekologiya sahəsində görülən işlərin miqyası genişlənib, dinamikası yüksəlib.

Şirkətin bu sahə üzrə vitse-prezidenti kimi fəaliyyətə yeni başladığını söyləyən R.Hüseynzadə qeyd edib ki, ARDNŞ-də ekoloji proqramların həyata keçirilməsinə diqqət qarşıdakı dövrdə də yüksək olaraq qalacaq, ətraf mühitin mühafizəsi prioritet vəzifələrdən biri olacaq.

Daha sonra İstehsalat Birlikləri, idarə və müəssisə rəhbərlərinin ötən il yerinə yetirilmiş ekoloji layihələrin əsas istiqamətləri haqqında hesabatları dinlənilib. Qeyd olunmuşdur ki, “sıfır tullantı” prinsipinə uyğun olaraq reallaşdırılan bütün ekoloji layihələr uğurla başa çatdırılıb. NQÇİ və zavodların ərazisində bioloji təmizləyici qurğular qurulmuş, lay sularının yığılması, təmizlənməsi və utilizasiyası həyata keçirilmiş, istehsalat tullantıları Tullantı Mərkəzinə vaxtında təhvil verilib. Neftlə çirklənmədən təmizlənmiş ərazilərdə ağaclar əkilib, yaşıllıqlar salınıb.

İclasda çıxış edən ARDNŞ-nin Ekoloji layuihələrin idarəedilməsi şöbəsinin rəisi Ramiz Əliyev bildirib ki, daim ekoloji təbliğat və maarifləndirmə sahəsində yeni-yeni ideyaları ilə diqqət çəkən ARDNŞ, bu dəfə də ənənəsinə sadiq qalaraq müəssisələri arasında ətraf mühitin mühafizəsi sahəsində həyata keçiriləcək layihələrlə bağlı müsabiqə keçirib. Il ərzində 4 mərhələdə aparılmış müsabiqəyə Şirkətin 12 idarə və müəssisəsi qoşulub. Müsabiqə komissiyası 4 qurumu - ARDNŞ-nin müəssisələrində təbiəti mühafizə tədbirlərinin tətbiqi üzrə “Azneft” İB-ni, “Ən çox yaşıllaşdırma işi aparan müəssisə” nominasiyası üzrə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunu, “Yüksək ekoloji mədəniyyət, ekoloji təbliğat və maarifləndirmə fəaliyyətinə” görə Xəzər Dəniz Neft Donanmasını, “Ekoloji sağlam iş mühitinə sahib müəssisə” nominasiyasında isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunu mükafatlandırıb.

Xəzər Dəniz Neft Donanmasının ekologiya şöbəsinin rəisi Sabir Kərimzadə isə “İlin ekologu” mükafatına layiq görülüb. Daha sonra aprelin 2-də həyata keçiriləcək ağacəkmə kampaniyası ilə bağlı müzakirələr olub.
İclasın yekunu olaraq həyata keçirilən ekoloji layihələrin 2011-ci il ərzində daha da genişləndirilməsi, bu istiqamətdə fəaliyyətin effektiv təşkil olunmasının vacibliyi vurğulanıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?