Modern.az

Qənirə Paşayeva: "Yazdığımız kitabın Ankarada da təqdimatı olacaq"

Qənirə Paşayeva: "Yazdığımız kitabın Ankarada da təqdimatı olacaq"

Təhsil

2 Aprel 2011, 15:25

Türkiyənin İqdır şəhərində Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə  Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş konfrans çərçivəsində millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın və "Şərq" qəzetinin baş redaktoru, tədqiqatçı jurnalist Akif Aşırlının həmmüəllifi olduğu, Türkiyə türkcəsində çap edilmiş  "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının təqdimatı olub.  Kitab erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun köməyi ilə 1990-cı il martın 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırım faktlarından bəhs edir.

Kitabda 1990-cı il martın 24-də erməni silahlılarının keçmiş sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum etməsindən, mülki əhalinin insanlığa sığmayan işgəncələrlə qətlə yetirilməsindən, diri-diri ocaqda yandırılmasından bəhs olunur.  Eyni zamanda Bağanis Ayrım və onun qonşu kəndlərinin 20-ci əsrin əvvəllərində də ermənilər tərəfindən dağıdılması və dinc azərbaycanlı əhalisinə qarşı həyata keçirilən qətliamlar da kitabda faktlar və sənədlərlə öz əksini tapır.  

Kitabda müəlliflərin soyqırımın şahidləri ilə söhbətləri və şahidlərin xatirələri öz əksini geniş şəkildə tapmışdır.

Kitab konfrans iştirakçıları və İqdırlılar tərəfindən böyük maraqla qarşılanıb və paylanılıb. Tədbirdə çıxış edən Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və kitabın ön sözünün müəllifi Sinan Oğan Türkiyə türkcəsində çap olunmuş  kitabın böyük əhəmiyyətindən danışıb və bildirib ki, bu Türkiyə vətəndaşlarının Azərbaycan həqiqətləri ilə bağlı daha geniş məlumatlar əldə etməsi üçün çox vacib və zəruridir. 
O, kitabın xaricdə yaşayan türklərin də daha geniş məlumatlar əldə edə bilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. 
Millət vəkili, kitabın həmmüəllifi Qənirə Paşayeva isə bildirib ki,  Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Ermənistan tərəfindən işbğal olunmuş torpaqları prolemi bütün Türk dünyasının ortaq problemi olmalıdır və dünyanın harasında yaşamasından asılı olmayaraq türk kökənli hər bir kəs Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da gücləndirməlidir.  
"Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım"  kitabı ilə yanaşı millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu digər bir kitab «Xocalı Soyqırımı, Şahidlərin dilindən» kitabının Türkiyə türkcəsi də təqdim olunub və konfrans iştirakçıları arasında yayılıb. Yaxın günlərdə "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım"  kitabının Türkiyənin paytaxtı Ankara şəhərində də təqdimat mərasimi keçiriləcək.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı