Modern.az

Rəbiyyət Aslanova: “Qanunsuz hərəkətlərin qarşısını almaq dövlətin vəzifəsidir”

Rəbiyyət Aslanova: “Qanunsuz hərəkətlərin qarşısını almaq dövlətin vəzifəsidir”

2 Aprel 2011, 15:54

«Biz hüquqi dövlətdə yaşayırıq və hüquqi dövlətin ən vacib məsələsi qanunun aliliyi prinsipidir. Hüquqsuzluq, cəzasızlıq, qanunsuzluq mühiti yolverilməzdir. Ona görə də, hansısa qüvvə qanunları pozmaqla öz məqsədlərinə çatmaq istəyirsə, belə halların qarşısını almaq dövlətin vəzifəsidir».
Bu fikirləri hakim partiyanın saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.
R.Aslanova bildirib ki, hər bir dövlət öz qanunları ilə idarə olunur. Onun sözlərinə görə, Azərbaycan dövləti də sivil və demokratik qanunlar əsasında idarə olunur və inkişaf edir.
Komitə sədri qeyd edib ki, insan hüquq və azadlıqların təmin olunması dövlətimiz üçün prioritet məsələdir. Azərbaycan Konstitusiyasında olan müddəalar bu hüquqları təmin edir.
R.Aslanova hesab edir ki, bəzi qüvvələr sərbəst toplaşmaq azadlığını bəhanə edərək ölkə qanunlarını, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. «Bu məsələ «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla tənzimlənir. Bir müddət öncə həmin qanuna əlavə və dəyişiklər edərək demokratikləşmə yolunda, insan hüquqlarının daha da gücləndirilməsi istiqamətində addımlar atılıb. Azərbaycan vətəndaşlarının birləşmək, fikirlərini sərbəst şəkildə ifadə etmək azadlığı var. Burada heç bir problem yoxdur. Amma vətəndaşlar toplaşıb hansısa fikri, ideyanı gerçəkləşdirmək üçün bir araya gəlmək istəyirsə bu, qanun çərçivəsində reallaşır. Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı mitinqlər keçirmək üçün yerlər ayırıb. Əks halda, bundan kənar hərəkətlər etmək doğru deyil. Kütləvi aksiya keçirmək istəyənlər həmin yerlərdən birini seçib orada istədiyi fikirləri, şüarları səsləndirə bilərlər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur» deyə R.Aslanova bildirib.
Komitə sədri qeyd edib ki, belə bir qanun dünyanın inkişaf etmiş dövlətlərində də mövcuddur. Yəni həmin dövlətlərdə də bu prinsiplər gözlənilir. Ona görə də, beynəlxalq təşkilatlar bu məsələyə obyektiv yanaşmalıdır. «Demokratik cəmiyyət o cəmiyyətdir ki, hər bir kəsin hüququ bərabər şəkildə qorunsun. Biz kimlərinsə hüquqlarını başqasının hüquqlarının məhdudlaşdırılması hesabına gerçəkləşdirə bilmərik. Bütün tərəflərin hüquqlarını təmin etmək üçün ayrılan yerlərdə mitinq keçirmək mümkündür. Bu, ən sivil qaydadır. Ona görə də, qanunlarımızın pozulmasına heç kəs icazə verə bilməz» deyə R.Aslanova vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi