Modern.az

Hərb, yoxsa sülh? - Siyasi partiyalar Qarabağ probleminin həlli yolunu göstərdilər

Hərb, yoxsa sülh? - Siyasi partiyalar Qarabağ probleminin həlli yolunu göstərdilər

22 Fevral 2017, 12:02

Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. İşğal olunmuş ərazilərinin azad edilməsi isə Azərbaycan xalqının qarşısında duran əsas məqsəddir. Bu məqsədin həyata keçirilməsi üçün, nəinki dövlət qurumları, eyni zamanda, bütövlükdə Azərbaycan xalqı birlikdə mübarizə aparmalıdır. İstər dövlət, istərsə də qeyri-dövlət qurumları öz fəaliyyətlərində bunu prioritet məsələ kimi saxlamalı, hər bir addımlarında Dağlıq Qarabağın işğal faktlarının dünyaya çatdırılması ilə məşğul olmalıdırlar.

 

2017-ci ildə Dağlıq Qarabağ hansısa yollarla düşməndən azad edilə bilərmi?

 

Modern.az saytı bir neçə siyasi partiyanın mövqeyini öyrənib.

 

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü Eldar İbrahimov partiyanın mövqeyindən çıxış edərək bildirib ki,Azərbaycanın öncə işğal altında olan torpaqları sülh yolu ilə geri qaytarmaq istəyir.

 

“Sülh yolu hələ tükənməyib. Əlbəttə ki, əgər işğal altında olan torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, aprel döyüşlərində olduğu kimi, müharibə yolu ilə torpaqlarımızı geri qaytara bilərik. Biz hələ də sülhsevən bir xalq kimi çalışıırıq ki, ATƏT-in Mins qrupunun xətti ilə məsələ həll olunsun.  Bu istiqamətdə danışıqlar aparılır. Hələ ki gözləyirik. Nə vaxtsa səbr tükənəndə, hərb yolu ilə torpaqlarımızı geri qaytaracağıq”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Gözəl Bayramlı partiyanın mövqeyindən çıxış edərək qeyd edib ki, Ermənistan Rusiyanın dəstəyi ilə torpaqlarımızı işğal edib.

 

“Torpaqlarımız ermənilərdən ancaq döyüş yolu ilə geri qaytarıla bilər.  Aprel döyüşləri də bunu göstərdi ki, ordumuz bu missiyanın öhdəsindən gələ bilər. Sadəcə olaraq ortada siyasi iradə lazımdır. Neçə illərdir ki, işğal altında olan torpaqlarımızın danışıqlar yolu ilə geri qaytarılması illuziyadan başqa bir şey deyil. Bunun heç bir nəticəsi olmayacaq. Təbii ki, sülh danışıqları yolu ilə torpaqlarımızın geri qaytarılması daha yaxşı olardı. Amma bu günkü durum onun göstərir ki, sülh danışıqları bir nəticə vermir. Ermənilər də torpaqlarımızı geri qaytaran deyil. İllərdir ki, beynəlxalq təşkilatlar da bu istiqamətdə Ermənistanı təqid edir. Azərbaycanın birmənalı olaraq ərazi bütövlüyü tanınıb. Amma ermənilər beynəlxalq sturukturların verdiyi qərarlara hörmət etmirlər. Öz bildiklərini heç kimə vermirlər. Yəni ermənilər heç bir halda beynəlxalq təziqlər vasitəsilə də torpaqlardan geri çəkilməyəcək.  İndiyə qədər bu istiqamətdə kifayət qədər qərarlar var. Heç biri də yerinə yetirilməyib”.


Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki,
Azərbaycan torpaqlarının geri qaytarılması üçün dövlətin ümumi strategiyası olmalıdır.

“Sülh danışıqları aparılmalı, diplomatik əlaqələr genişləndirilməlidir. Azərbaycan xalqı istər orduda, istər ölkədə, istərsə də ölkə hüdudlarından kənarda fəallığı artırmalıdır. Yalnız ümumi vəzifə kimi Azərbaycan xalqı bu məqsədi qarşı qoyaraq torpaqları azad edə bilər. Burada yalnız hərbi və diplomatik yoldan danışmaq düzgün deyil. Ermənistan tərəfi bu məsələlərdə çox fəaldır. Onlar sistemli şəkildə torpaqlarımızın işğal edilməsinin rəsmiləşdirilməsi istiqamətində işlər aparır. Həm diplomatik, həm elmi, həm də strateji hədəf kimi bu məsələləri öz xeyrinnə həll etmək üçün daim çalışmalardadır. Həmçinin, Dağlıq Qarabağ və ondan kənarda olan torpaqlarda Suriyadan və İraqdan olan erməniləri məskunlaşdırma siyasəti aparılır. Bu da beynəlxalq normalara və Azərbaycan Konsitutsiyasına ziddir”.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu  işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinin nəzəri olaraq iki yolunun mümkün olduğunu deyib.

 

“ Danışıqlar və hərbi yolu. Hər birinin də özünəməxsus üsulu, metodu və imkanları var. Mənə elə gəlir ki, bu gün üçün Azərbaycan problemin həllinin danışıqlar yolu ilə həll edilməsinə çalışmalıdır. Bu o demək deyil ki, müharibə variantını kənara qoymaq lazımdır. Ermənilər üçün elə şərait yaratmaq olar ki, onlar orada dinc oturub referendum keçirməsinlər. Qarabağdan dədə-baba torpaqları kimi istifadə etməsinlər. Yəni həddən artıq üsul və metodlar var. Bunları da açıq şəkildə mətbuatda deməyə ehtiyac yoxdur”.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının  (BAXCP) mövqeyindən çıxış edən beynəlxalq məsələlər üzrə müavin Elçin Mirzəbəyli deyib ki, işğal altında olan torpaqların azad edilməsi dedikdə ilk növbədə müharibə yolu yada düşür.

 

“Azərbaycan ordusu bu potensiala malikdir. Sülh üçün də Ermənistana təzyiqlər göstərmək yolu tükənməyib.  Bu istiqamətdə siyasət mövcuddur. Ancaq sülh yolu tükəndikdə isə Azərbaycan işğal altında olan ərazilərində anti-terror əməliyyatları keçirərək, torpaqlarını düşməndən təmizləyə bilər. Düşünürəm ki, bu istiqamətdə Azərbaycan ordusunun qarşısında heç bir maneyə dayana bilməz”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat katibi Əli Orucov da təmsil olunduğu partiyanın mövqeyini açıqlayıb.  Qeyd edib ki,beynəlxaq təşkilatların məsələyə münasibəti onu deməyə əsas verir ki, bu problem hərbi yolla həll edilə bilər.

 

“Bu məsələnin danışıqlar yolu ilə həllinin perspektivi görünmür. Bunu indiyə qədər gedən proseslər də göstərir. Aprel döyüşləri zamanı Azərbaycan ordusunun uğurlu əməliyyatları onu göstərdi ki, ordumuz düşməni hərbi yolla məğlub etmək qüdrətindədir. Sadəcə olaraq, ona əmr vermək lazımdır. Bu missiyanı Azərbaycan ordusu yüksək səviyyədə yerinə yetirməyə qadirdir”.

 

 Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir