Modern.az

1992-ci ilin 22 fevralı... Xocalı şahidi: “Gecələr paltarlı yatır, ayaqqabılarımızı da yanımıza qoyurduq”

1992-ci ilin 22 fevralı... Xocalı şahidi: “Gecələr paltarlı yatır, ayaqqabılarımızı da yanımıza qoyurduq”

22 Fevral 2017, 12:43

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

 

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

 

Atəşkəs dövrünün  insanları olaraq,  1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

 

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

 

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 


Modern.az
 saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.

Xocalı 1992-ci il fevralın 22-də...

 

Xocalı sakini Məlahət Əbdülova 25 il bundan  əvvəlin 22 fevralını belə xatırlayır: 

 “Qorxumuzdan ocaq qalaya bilmirdik”

“Xocalıda elə günlər keçirmişik ki, sözlə ifadə etmək belə çətindir. Gecələr yuxu bilmirdik nədir. Günümüzü zirzəmilərdə keçirirdik. Xocalının kişiləri gün boyu çöllərdə olurdu. Hamımız Xocalıda doğulmuşuq. Ermənilər hər gün kəndlərimizi atəşə tuturdu. Hər gün Xocalıya raket atanda gah o tərəfə, gah da bu tərəfə qaçırdıq. Yatanda paltarlı yatırdıq. Ayaqqabılarımızı da yanımıza qoyurduq ki, ermənilər hücum edəndə qaça bilək. Qaz, işıq, çörək  yox idi. Qorxumuzdan ocaq qalaya bilmirdik ki, işığı görüb atəş açacaqlar”.

 

“Avtobuslarımızı daşa basırdılar”


Müsahibimiz deyir ki, 1991-ci ildə belə, Şuşaya güclə gedib-gəlirmişlər.

 

“1992-ci ildə 20 yaşım vardı. Ailənin böyük övladıyam. 1991-ci ildə Şuşa Tibb Texnikumunda təhsil alırdım. Avtobus bizi Şuşaya aparıb-gətirirdi. Hər gün də həyəcan və qorxu ilə bu yolu gedirdik. Düzdü, bizim avtobusumuza milli ordunun əsgərləri nəzarət edirdi. Qabaqda BTR,  ardınca da avtobuslar gedirdi. Xankəndinin girəcəyindən başlayaraq gah butulkaları yandırıb avtobusların üstünə atırdılar, gah da daşa basırdılar. Xocalının ilk şəhidi bizim yaxın qohumumuz olub. Bir-iki ay olardı ki, toyu olmuşdu. Anası da təzə rəhmətə getmişdi. Anasının ölümünün 10 günlüyündə həyətdə gəzdiyi vaxt üstünə raket düşdü və oğlan öldü. Ona görə də Xocalının ən dəhşətli şəhidi 2 ay 10 gün ərzində toyu olan gənc olub”.

“Erməni qızları Xocalını tərk etmədi”

Xocalı sakininin sözlərinə görə, Xocalıda Ahısxa türkləri ilə  yanaşı, ermənilər də yaşayırdı.


“Xankəndidən, Qərbi Azərbaycandan Xocalıya xeyli sayda Ahısxa türkləri gəlmişdi. Onlar hər bir Xocalı sakininin yanında idi. Bizim çəkdiklərimizi onlar da çəkirdilər. Onların da başına raket zərbələri yağırdı.  Xocalıda erməni gəlinləri də vardı. Bir rus dili müəlliməm erməni idi. Çox da yaxşı insan idi. Bizimlə birgə o da Xocalıda qaldı. Həmin erməni qızları da hər gün baş verənlərdən qorxurdu” .

“Atam da, qardaşım da sonuna qədər döyüşdülər”

Məlahət Əbdülova deyir ki, əsir düşən qardaşından 25 ildir ki, xəbər yoxdur.

“Biz elə günlər yaşamışıq ki, o günləri xatırlamaq çox çətindir. Atam da, qardaşım da Xocalının özünümüdafiə batalyonunun üzvü idi. Xocalını müfadiə edirdilər. Hər gün onların köməyinə ümid bəsləyirdik. Fevralın 25-dən 26-na keçən gecə ermənilər dəhşətli faciə törətdilər. Atam da, qardaşım da şəhid oldu. Qardaşimin 19 yaşı vardı. Xocalıda “beşmərtəbə” deyilən yer vardı. Orada son dəqiqəsinə qədər döyüşən 25 nəfərin içində atam da, qardaşım da vardı. Atam şəhid olsa da, qardaşımı əsir götürdülər. Digər əsir düşənlər danışırdılar ki, ermənilər qardaşıma çox zülmlər ediblər. Çünki qardaşım ucaboy idi, əynində də Milli Ordunun paltarı vardı. 25 ildir ki, qardaşımdan heç bir xəbər yoxdur”.

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər