Modern.az

1992-ci ilin 23 fevralı... Xocalı soyqırımının şahidi 25 il öncəni xatırlayır: "Qazmalarda gizlənirdik"

1992-ci ilin 23 fevralı... Xocalı soyqırımının şahidi 25 il öncəni xatırlayır: "Qazmalarda gizlənirdik"

23 Fevral 2017, 13:03

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu.

O soyqırımı ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün  insanları olaraq,  1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 


Modern.az saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.


Xocalı 1992-ci il fevralın 23-də...

 

Xocalı sakini Gözəl Hüseynova 25 il bundan əvvəlin 23 fevralını belə xatırlayır: 

 

“Yeraltı qazmalar düzəltmişdik”

 

“Fevral ayının 23-nə qədər nə zülmlərlə gəlib çıxdığımızı bir Allah bilir. Fevral ayı girəndən Xocalı sakinləri arasında erməni gülləsinə tuş gələnlərin olmasına baxmayaraq, ayın 23-də dəhşətli faciə olacağını təxmin etmirdik. O baxımdan da sakinlərin çoxu fevralın 25-ə qədər Xocalını tərk etmədi. Hər günümüzü atəş səsləri ilə açırdıq. Hərə bir tərəfdə yeraltı qazmalar düzəltmişdi.

 

Günümüzün çoxunu həmin yeraltı qazmalarda, evlərin zirzəmilərində keçirirdik. Gecə yarısı hardasa saat 3-4 arası Xocalı raket atəşinə tutulurdu. Qorxumuzdan paltarlı yatırdıq. Yuxarılar Xocalıda hər şeyin yaxşı olduğunu desələr də, Xocalıda müharibə gedirdi”.

 

“Soyqırımına kimi o qədər faciə yaşadıq ki!”

 

Müsahibimiz deyir ki, vəziyyətləri hər gün daha da pisləşirdi.

 

“Xocalıda evdar qadın idim. Heç yerdə işləmirdim. 8 aylıq oğlum və 4 yaşlı qızım vardı. Bizim evimiz  Xocalı aeroportuna yaxın yerləşirdi. Vertolyotlar gəlib-gedəndə görürdük. Ermənilər də silahı həmin yerdən atırdı. Ermənilərlə məsafəmiz çox yaxın idi. Uşaqları çətinliklə saxlayırdıq. Qidalanmağa heç nəyimiz yox idi. Qəndi, çayı ehtiyatla əhaliyə paylayırdılar. Çörək isə tükənmişdi. Mühasirədə qaldığımızdan vəziyyətimiz hər gün bir az daha pisləşirdi. Yadımdadır ki, ermənilərin atdığı raket zərbəsi nəticəsində bir oğlan parça-parça olmuşdu. Atışma başlayanda dərhal həyat yoldaşını padvala aparmaq istəyəndə raket üstünə düşmüşdü. Oğlanla bir yerdə bir neçə baş qoyun da parça-parça olmuşdu. Biz soyqırımına kimi o qədər faciələr yaşadıq ki!”. 


Erməni xisləti: “Bizim qızlarımız Kürdən su içəcək” 


Xocalı sakininin sözlərinə görə, hələ uşaqlıqdan ermənilərin əsl xisləti ilə tanış olub.

 

“1988-ci ildə ailəliklə Xocalıya gəlmişik. Keçmiş Əsgəran rayonunun Daşbulaq kəndində doğulmuşam. Ermənilərin əsl xislətini uşaqlıqdan görmüşəm. Əsgəran rayonunun Daşbulaq kəndində yaşayanda erməni qonşularımız çox idi. Orta məktəbdə oxuyanda məktəb direktorumuz erməni idi. Sinifdə oxuyan erməni uşaqlarını  azərbaycanlılara qarşı yetişdirirdi. “Türklər ermənilərin kürəyinə samovar bağlayıb yandırıb. Türklər bizə dost olmayıb. Azərbaycanlılar türklərdən qalanlardır”.

 

Direktorun o sözləri hələ də qulaqlarımda cingildəyir. Məni həmişə ayırırdı. Bir azərbaycanlı müəllimimiz vardı. Tez-tez erməni direktorla dalaşırdı ki, niyə millətlər arasında ayrı-seçkilik salırsan. Niyə azərbaycanlılara qarşı nifrət oyadırsan?!” 

 

Qaynatam danışırdı ki, bir dəfə bir erməni ev satırdı. Həmin evi almaq istəyib. Pulu da vardı. Amma digər bir erməni ona deyib ki, "ağlın olsa burdan ev almazsan. Get Ağdamdan aşağı tərəflərdə ev al. Onsuz da, buralar bizimdir". Hətta, ermənilər zarafatla tez-tez belə ifadə işlədirmişlər: “Vaxt olacaq, bizim qızlarımız Kürdən su içəcək”.

 

Beləcə, 1992-ci ilin fevralında ermənilər xalqımızın başına əsrin ən dəhşətli faciəsini gətirdi. Uşaqlıqdan ermənilərin murdar əməllərinə şahidlik edə-edə sonda faciənin qurbanlarına çevrildik. 1992-ci ilin  fevral ayının 25-dən 26-na keçən gecə, başımıza müsibətlər gəldi. Həmin dəhşətli gecədə 3 bacım, qardaşım, analığım və atam Xocalı faciəsi zamanı girov düşdülər. Şelli kəndindən tutmuş Meşələrə qədər axtarış apardıq. Amma heç birini tapa bilmədik. Onları “gördüm” deyən də olmadı. 1992-ci ilin 25 fevralından ta bu günə kimi 6 nəfər olan doğmalarımın  nə ölüsündən xəbər var, nə də dirisindən. 25 ildir ki, gözlərim yoldadır”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir