Modern.az

Oqtay Əsədov Avropa Şurasının Bakı ofisinin yeni rəhbərini qəbul edib

Oqtay Əsədov Avropa Şurasının Bakı ofisinin yeni rəhbərini qəbul edib

4 Aprel 2011, 17:26

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, spiker Oqtay Əsədov aprelin 4-də Avropa Şurasının Bakıdakı ofisinin yeni rəhbəri Konstantin Yerokostopulosu qəbul edib.

Oqtay Əsədov Avropa Şurasının Bakı ofisinin rəhbəri təyin edilməsi münasibəti ilə Konstantin Yerokostopulosu təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Milli Məclis sədri qeyd edib ki, Konstantin Yerokostopulosun ölkəmizdə diplomatik fəaliyyətə başlaması əlamətdar günlərə təsadüf edir: “Bu il Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 ili tamam olur. Ötən dövrdə Avropa dəyərləri ölkəmizdə cəmiyyət və dövlət həyatının bütün sahələrinə nüfuz edib. Demokratik prinsiplərin bərqərar olması və hüquqi dövlət quruculuğu yolunda düşünülmüş tədbirlər görülür. Azərbaycanın Avropa standartlarına uyğun qanunvericilik bazası formalaşıb. Ölkəmiz təşkilat qarşısında götürdüyü öhdəliklərə həmişə hörmətlə yanaşmış və bu öhdəliklərin böyük əksəriyyətini artıq yerinə yetirilib”

Spiker daha sonra bildirib ki, qurumun Parlament Assambleyasında Azərbaycanla bağlı 7 qətnamə qəbul olunub və bu təşkilatın Dağlıq Qarabağ probleminə xüsusi diqqət yetirməsi təqdirə layiqdir. Sədr bu məsələ ilə əlaqədar qurumun qəbul etdiyi qətnamədə Ermənistanın işğalçılıq siyasəti öz əksini tapdığını vurğulayıb.

“Avropa Şurası bütöv bir regionun təhlükəsizliyini təhdid edən bu problemin ölkəmizin ərazi bütövlüyü prinsipləri əsasında həllinə öz töhfəsini verəcəkdir”-deyə sədr inamını ifadə edib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Konstantin Yerokostopulos yeni vəzifədə Avropa Şurası ilə ölkəmiz arasında münasibətlərin inkişafında  səylərini əsirgəməyəcəyini vurğulayıb. O, təmsil etdiyi təşkilatın demokratiya, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycana hər cür köməklik etməyə hazır olduğunu söyləyib və bildirib ki, təşkilatın Parlament Assambleyası və onun müvafiq strukturları ölkəmizlə sıx əlaqələr saxlayır və gələcəkdə də bu əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?